«Avropa Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib və Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a Azərbaycan və Ermənistan liderlərin görüşünü şərh edərkan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək:
“Paşinyan “Facebook” hesabından "Üçtərəfli görüşdə dəmir yolunun istifadəyə verilməsi barədə razılığa gəldik. Ermənistan da İranla və Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcək” postunu paylaşıb”
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə bəyanatla çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlər nizama salınmalı, Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir.
“İlk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, çox vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil”- Nizami Verdiyev qeyd edib.
ALDP rəsmisi bildirib ki, Brüssel görüşündə Avropa İttifaqı axır ki, Azərbaycanın mövqeyini dəstəklədi:
“Bizə lazım olan məsələlər bu görüşdə bir daha vurğulandı: Azərbaycanın ərazi bütövlüyü, kommunikasiyaların açılması, minaların təmizlənməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atılması məsələləri var idi ki, bu məsələlər bu görüşdə öz əksini tapdı”.