Ermənilər postmüharibə dönəmində də sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirirlər: istər Qarabağdakı separatçıların təxribatları olsun - terrorçu Mirzoyanın Şuşa yaxınlığında postumuza qumbara atması, üç hərbçimizi yaralaması, istər Sarkisyan adlı bir erməninin hərbçimizə hücum edib ondan silahını almağa cəhd göstərməsi olsun, istərsə 16 noyabrda sərhəd toqquşması, habelə Kəlbəcərdə atışma, həmçinin Daşaltı yaxınlığında iki vətəndaşımızın minaya düşüb həyatlarını itirməsi sülh əleyhinə olan hadisələrdir. Hətta sonuncu verdikləri mina xəritələrinin də dəqiqliyi şübhə doğurur.
Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı “erməni hərbi əsirlər”lə bağlı vəsatətin təmin olunmaması da bir daha göstərdi ki, BMT onları hərbi əsir hesab etmir, bu silahlı şəxslər bizim ərazilərimizdə diversiya fəaliyyətinə cəhd edib, sülh əleyhinə cinayət törətmək istəyiblər. Ermənistan nəyə nail olmaq istəyir?
Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ermənilərin postmüharibə dövründə sakit dayanmamasına təəccüblənmir. Onun fikrincə, revanşist qüvvələr ordunun içində hələ də var. ALDP sədri bundan əlavə, Paşinyan hakimiyyətinin atəşkəsin pozulması ilə Rusiyanın imzası olan üçtərəfli sənədə etimadsızlıq görüntüsü yaratmağa çalışdığını düşünür:
“Brüssel görüşünə qədər İrəvan hər cür hoqqadan çıxmağa can atdı və Minsk Qrupunu dövriyyəyə salmaq üçün bütün imkanlarını səfərbər edib. Paşinyan danışıqların Rusiyanın nəzarətindən çıxması üçün çalışır və göstərmək istəyir ki, 10 noyabr sənədi işə yaramadı, bölgədə yenə gərginlik var. Ancaq bu hərbi təxribatlar, atəşkəsin pozulması sülh əleyhinə cinayətlər olsa da, masada diktə edən tərəf İrəvan deyil”.
Fuad Əliyevin fikrincə, regionda kommunikasiyaların açılması ilə ermənilərin postmüharibə dövründəki bu cinayətlərinə son qoyulacaq:
“Artıq Soçidə razılaşma var, İşçi Qrupu toplaşır, sərhədlər dəqiqləşdikdən sonra bölgəyə əmin-amanlıq gələcək və bunu Rusiya da istəyir. Əgər Ermənistandan Rusiyaya gedən dəmir yolu Azərbaycandan keçməklə hərəkət edəcəksə, ermənilər daha atəşkəsi pozmağa, hansısa diversiya fəaliyyətinə cəhd etməyəcəklər”.
/Yeni Müsavat/