Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” bu ölkə ilə əlaqələndirməsi ciddi rezonans doğurub. “Yeni Müsavat”ın məlumatına görə, spikerin açıqlaması Moskvada heç də sükutla qarşılanmayıb.
Simonyan jurnalistlərlə söhbətində “...siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burada ”Lavrov planı" da daxil, bir neçə variantlar vardı", deyib.
Rusiya XİN dərhal bəyanat yayaraq erməni spikerin “Qarabağı Rusiya təhvil verdi” iddiasına etiraz edib: “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”.
Rusiya XİN “Lavrov planı” haqda da geniş izahat verib: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib. Bu sənədə görə ”birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu".
Rusiya XİN-in bəyanatında daha sonra deyilir ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu: “Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.
Beləliklə, İrəvan məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün Rusiyaya qarşı ittiham səsləndirməkdən belə çəkinmir. Bənzər açıqlamalar postmüharibə dönəmində fərqli-fərqli erməni ekspertlərin, siyasətçilərin dilindən səslənib. Lakin bu dəfə danışan rəsmi şəxsdir, spikerdir və birbaşa Kremli günahlandırır. Vaxtilə ironiya ilə baxdıqları həll planlarını, eləcə də “Lavrov planı”nı rədd edən Ermənistanın indi onları yada salmasının anlamı nədir? Sanki Ermənistan həmin plana razılıq veribmiş. Halbuki Ermənistanın hökumət başçısı “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqları pozmuşdu, nə “Lavrov planı”, nə “Madrid prinsipləri”, yaxud “Kazan formatı” əhəmiyyət kəsb edirdi. Əslində Ermənistanda güclənən anti-Rusiya ritorikasının təsiridir ki, Simonyan da müsahibəsində Moskvanı “baiskar” çıxarır. Bununla Ermənistan Rusiyanı qıcıqlandırmaq, təhrik etmək istəyir, yoxsa Qərbə daha da yaxınlaşmaq üçün Rusiyadan qopmağa bəhanələr gəzir?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, Simonyanın çıxışı özünüifşa və rəzil etirafdır:
“Ermənilər boynuna alır ki, onlara ağa lazımdır, sahibsizdirlər və rus ordusu erməni əsgərinin yerinə döyüşməlidir. Bu ağılla yaşayan millətdir və 44 gündə darmadağın olmağın günahını Rusiyada axtarırlar. Belə çıxır ki, rus qoşunları Azərbaycan Ordusu ilə toqquşmaya girməliydi. Bu zehniyyətin sahibindən nə gözləmək olar?!”
ALDP sədrinin fikrincə, burada Rusiyanı şantaj xətti də görünür:
“Demək istəyirlər ki, biz hərbi-siyasi müttəfiq ölkələrik, dəstək vermədiniz, tək qoydunuz, ona görə strateji olaraq Avropanı seçirik. Lakin Rusiya rəsmiləri açıq bəyan ediblər ki, müharibə zamanı Ermənistan silah-sursatla təmin olunub. Elə Şuşada qalıqları tapılan ”İsgəndər - M" raketləri erməni yalanlarını ifşa edir. Sadəcə, onlar deyirdilər ki, silah da verin, özünüz də döyüşüb ölün, qazanan tərəf ermənilər olsun. Sadəcə, zəifliklərini etiraf edirlər".
Fuad Əliyevin sözlərinə görə, spikerin açıqlaması məsuliyyətsiz çıxışdır:
“Paşinyan hökuməti Ermənistanda elə əhval-ruhiyyə yaradıb ki, müharibənin nəticələrini iki qüvvənin ayağına yazsın - Rusiyanın və keçmiş ”Qarabağ klanı"nın... Yəni öz məsuliyyətini azaltmağa çalışır. Amma Cıdır düzündə sərxoş olan, “Qarabağ Ermənistandır” deyib qızışdırıcı mövqe qoyan, qondarma rejimin “parlament” binasını Şuşaya köçürmək istəyən də özü idi. Eyni zamanda Tovuz istiqamətini hədəfə almaq mövcud siyasi-hərbi hakimiyyətin təxribatları idi və nəticədə 27 sentyabrdan əks-hücum əməliyyatlarına başladıq. Yəni ikinci Qarabağ müharibəsinin nəticələrinin memarı Paşinyan və Ermənistandır, Köçəryan-Sərkisyan cəlladları isə ondan beş betər günahkardılar, mühakimə olunmalıdırlar. Yaxşı olar ki, erməni cəmiyyətini yalanlarla doyurmaqdansa, Rusiya əleyhinə danışmaqdansa, İrəvan qonşularla normal münasibətlər qurmaq, iddialarından əl çəkmək yönündə siyasət aparsın".
“Yeni Müsavat”