ALDP sədri: Hansı qopmadan söhbət gedə bilər?

Ermənistanın Qərblə Rusiya arasında ikili oyun siyasətin növbəti dəfə ifşa olundu. İrəvan Moskva-Brüssel arasında manipulyasiya edə bilmədi. Rusiyadan bütün mənalarda asılı olan ölkə hər bir imkanda Moskvaya arxa çevirir, mövqelərini 90 dərəcə dəyişir, amma işi çətinə düşəndə Rusiyadan, KTMT-dən dəstək istəyir.

Ermənistanın Rusiyanın orbitindən çıxıb Qərbə meyllənməsi cəhdlərini dəyərləndirən rusiyalı ekspertlər də Paşinyanın çıxılmaz (suqsvanq) vəziyyətdə olduğunu təsdiqləyirlər. Paşinyanın və erməni istebleşmentinin Moskvadan incikliyi olsa da, bunu Qərbə meyllənməklə kompensasiya etmək cəhdləri də uğursuzdur. Qərb Ermənistana görə Rusiya ilə qarşıdumanı dərinləşdirməkdə maraqlı ola bilərmi? Ermənistan “it hürən” tərəflə “işıq gələn” tərəfi müəyyənləşdirəcək, öz seçimi edə biləcək iqtidarındadırmı?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan strateji seçimini etmiş kimi görünməyə çalışır: 

“Amma medalın o biri üzü göstərir ki, Paşinyan Qərbə doğru getdiyinə işarə verməklə Rusiyanı öz aləmində şantaj etməkdədir. Ermənistan Rusiyaya mesaj verir ki, ya məni əvvəlki səviyyədə müdafiə edəcəksən, ya da şələ-şüləmi götürüb Avropaya yol alıram. Amma Paşinyan yaxşı bilir ki, KTMT üzvüdür, Rusiyanın 102-ci bazası Gümrüdədir, bu ölkə Moskvanın vassalıdır, sərhədləri, dəmir yolu belə Kremlin əlindədir, hansı qopmadan söhbət gedə bilər?”

Fuad Əliyev hesab edir ki, Qərb və ABŞ Ermənistanı Ukrayna qədər müdafiə etməyəcək: 

“Əslində Kiyevi də təkbaşına qoyublar və gözlənilən dəstəyi verməyiblər, rus qoşunları Ukrayna sərhədinə cəmləşib, Gürcüstanda Saakaşvilini azad etdirə bilmirlər, yəni  Paşinyan Qərbə arxayın olub özünü Rusiya ilə düşmən etməməlidir. Ən azından bilməlidir ki, üçtərəfli bəyanatda Brüsselin yox, Moskvanın imzası var. Yəni Ermənistan Avropa İttifaqından 2.6 milyard avro dəstək ala bilər, amma Rusiyadan daha da üz çevirməsi ona yaxşı heç nə vəd etməyəcək. Ümumən Ermənistan ikibaşlı siyasətlə heç bir tərəfi aldada bilməz, açıq mövqeyini nümayiş etdirməli, dilemma qarşısında qalmadığını deməlidir. Bu gün İrəvan küçələrində anti-Putin çağırışlar, Rusiya əleyhinə yaradılmış ab-hava Ermənistanın Kremlin təsirindən uzaqlaşmaq cəhdləri olsa da, yaxın gələcəkdə ciddi dəyişikliklər gözləmirəm”.

0.19722604751587