Partiya sədri: Erməni və erməni havadarları sakit oturmayacaqlar

“Ermənilərin Şərqi Zəngəzurda postlarımıza silahlı hücumu nəticəsində baş verən toqquşma Azərbaycanın Laçın dəhlizində nəzarəti öz əlinə almasını reallaşdıran faktordur. Azərbaycan erməni silahlılarının ərazilərdən çıxarılması üçün üçtərəfli sənədə imza atan dövlətlərin qarşısında ciddi tələb qoymalıdır.  Baş verən məlum hərbi toqquşmaya görə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Erməni silahlıları Qarabağdan çıxarılmalıdır və “Dəmir Yumruq” öz işini görməlidir. Görünür ki, bu məsələdə nə sülhməramlılara, nə də erməninin sülhə gələcəyinə inanmaq olmaz”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ermənilərin hərbi hücumu nəticəsində Azərbaycan ordusunun şəhid verməsi ilə bağlı şərhində bildirib.

F.Əliyev hesab edir ki, sərhəddə noyabrın 10-dan başlayan erməni hərbi təxribatları, noyabrın 13-də Laçın dəhlizi istiqamətində Azərbaycan postunda törədilən terror aktı ermənilərin sülhə gəlmək istəmədiyini göstərir:

“Azərbaycan yarımçıq qalan zəfərini davam etməli və sona qədər gedərək bütün ərazilərini erməni silahlılarından təmizləməlidir. Eyni zamanda, erməni istimaiyyətinin bu gün terrorçudan qəhrəman düzəltmək ideyasına baxsaq, Azərbaycan heç kimin nazı ilə oynamalı deyil. Ermənistan hərbi, siyasi, iqtisadi təzyiqlərlə susdurulmalıdır”.

F.Əliyev bildirib ki, bu gün erməni hücumu olmasın deyə, noyabrın 13-də ermənilərin törətdiyi terror aktına əsgərlərimiz eyni reaksiyanı verib terrorçunu yerindəcə güllələməli idi:

“Məlumdur ki, 28 illik atəşkəs dövründə ermənilər daim atəşkəsi pozurdular. Atəşkəs zamanı ermənilər istənilən təxribatları törətsələr də, Azərbaycan əsgərinə “Vur!” əmri verilmirdi. Biz erməni xislətinə və regionda gedən oyunların gedişinə, onların havadarlarının niyyətinə bələd olduğumuz üçün ötən illərdəki səhvlərə yol verməməliyik. Azərbaycan əsgəri müdafiə yox, hücum mövqeyində olmalıdır. Bizi hansısa sülhməramlı, yaxud beynəlxalq münasibətdə “nə deyəcəklər” fikri narahat etməməlidir. Biz beynəlxalq aləmin nə deyəcəyini düşünsəydik, gərək torpaqları işğaldan azad etməyəydik. Amma qətiyyətlə Azərbaycan Ordusu üzərinə düşən missiyanı yerinə yetirdi. Biz bu təcrübədən yararlanmalıyıq. Əks halda erməni və erməni havadarları sakit oturmayacaqlar”.

F.Əliyev hesab edir ki, sülhməramlıların Qarabağdakı fəaliyyətini nəzərə alsaq, bu gün həmin missiyanın yanlış davranışları diqqət çəkir. Onun sözlərinə görə, sülhməramlılar öz istədikləri kimi hərəkət edir, erməniləri silahlandırır, himayədarlıq edir:

“Nəticə isə bu gün Şərqi Zəngəzurda baş verən hərbi hücum və şəhidlərimiz oldu. Belə olan halda Azərbaycan əsgəri öz torpağında hansısa xarici ölkənin, özü də düşməni dəstəkləyən tərəfin dedikləri ilə oturub-dura bilməz”.

 

0.21924805641174