Son bir həftədə iki partiya-Qubad İbadoğlunun sədr seçildiyi ADR və Demokratik Dəyişim Partiyası (DDP) yaradıldığı elan edilib.
DDP-nin Təşkilat Komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib. Yeni Partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır. Onun dediyinə görə, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayının reallaşdırılması nəzərdə tutulur.
Əvvəlki dövrlərdə partiyaların məramnaməsinin əsas bazasını Qarabağ probleminin həlli təşkil edirdi. İndi isə Azərbaycanın belə bir problemi yoxdur. Qarabağ problemi səbəbdən əvvəlki illərdə yaradılan partiyalara diqqət vardı. İndi isə cəmiyyətin partiyalara əvvəlki marağı da qalmayıb. Hakimiyyəti tənqid edəcək sahələr çoxdur, amma kiminsə gəlib bu məsələləri daha yaxşı həll edəcəyinə xalqın inamı qalmayıb.
Bəs yeni partiyaların yaradılması zərurəti haradan doğur? Onilliklərin partiyaları az qala tarixin arxivinə gömüldüyü zaman, yeni partiyaların siyasi uğur qazanması mümkündürmü? Qarabağın işğaldan azad edilməsindən sonra həm indi, həm də illər öncə yaradılmış partiyaların sosial baza toplamaq və hakimiyyətə ciddi alternativ təşkil etmək perspektivi varmı?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə bunları dedi: “Yeni yaranan partiyalara uğurlar arzulayıram. Partiyanın yaranmasını, məqsədi və məramnaməsini elan etmək olar. Əsas bundan sonrakı fəaliyyətdir, bəyan etdiyin ideyaları həyata keçirməkdir. Ən çətin proses budur. Partiyaların fəaliyyəti, sosial baza toplamaq baxımdan çox çətindir. Çünki vətəndaşı bu gün siyasət maraqlandırmır. Onu bir məsələ maraqlandırır, evə gedəndə əli boş getməsin, nəsə alıb getsin. Gecə-gündüz iş haqqında fikirləşən vətəndaşları siyasət maraqlanmır. Digər tərəfdən, qeydiyyatdan keçən 52 partiya var. Qeydiyyatsız haradasa 15 partiya mövcuddur. Ümumi desək, 67 partiya var. İndi olmasın 67, olsun 69 partiya. Əsas odur ki, aktiv fəaliyyət göstərəsən. Ağdama səfər edəndə tanımadığım partiya sədrləri gördüm. Orada bildim ki, onlar partiya sədrləridir. Onları nə keçirilən seçkilərdə görmüşəm, nə də ki, adları mətbuatda rastıma çıxıb. Bax belə partiyaların qeydiyyatı ləğv olunmalıdır. Tanıdığım Qubad bəy siyasətdə yeni sima deyil, tanınmış siyasətçıdır, özünəməxsus yeri var. ADR partiya elan olunmamışdan qabaq, hərəkat formasında fəaliyyət göstərib. İctimai-siyasi proseslərdə çox aktiv olub və kifayət qədər sosial bazası var. Arzu edirəm ki, DDP Təşkilat Komitəsi yaxın bir zamanda qurultaylarını keçirib ölkəmizin ictimai-siyasi həyatına aktiv formada qatılsınlar”.
/Yeni Müsavat/