Miladdan 100 il əvvəlki xaç – Ermənilərin “Qarabağ Tiqranakert”i mifi yerindəcə məhv edildi - VİDEO

20 Noyabr 2020-ci ildə Ağdam rayonu azad edildikdən və Azərbaycan ordusu ora daxil olduqdan sonra erməni təbliğatı Azərbaycanın Ağdam yaxınlığında Şahbulaq kəndində yerləşən “antik erməni şəhəri Tiqranakert”i məhv edə biləcəyi barədə hay-küy qaldırdı.

4-6 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Müdafiə nazirliklərinin dəstəyi və Qafqaz Tarixi Mərkəzinin direktoru tarixçi Rizvan Hüseynovun rəhbərliyi ilə bir qrup tədqiqatçı Ağdam rayonunun işğaldan azad edilmiş hissəsini ziyarət ediblər.

Səfərin əsas məqsədi Şahbulaq kəndi və ətrafındakı abidələrlə bağlı vəziyyəti öyrənmək və qeyd etmək idi.

Burada bir neçə mühüm memarlıq abidəsi, xüsusən də XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli Xan tərəfindən eyni adlı bulağın yaxınlığında tikilən Şahbulaq qalası yerləşir. Onun qalıqları XX əsrə qədər qalsa da, daha sonra demək olar ki, tamamilə məhv edilib.

Erməni işğalı dövründə burada qanunsuz arxeoloji qazıntılar aparılıb və möcüzəvi şəkildə guya e.ə I əsrdə “Böyük Ermənistan”ın çarı II Tiqran tərəfindən salınmış mifik “Tiqranakert” şəhəri tapılıb.

Qazıntı ərazisində olan bir qrup azərbaycanlı tədqiqatçı “Tiqranakert”in Şahbulaq qala kompleksinin, daha doğrusu onun ictimai binalarının bir hissəsi olduğunu aydınlaşdırıb. Qazıntılar aparan erməni arxeoloqları tikililərin qalıqlarına yeni arxeoloji formalar verib, bəzi memarlıq elementlərini ləğv edib və yerinə yeni “antik” elementləri əlavə ediblər. O qədər qapılıblar ki, burada yerləşən şərq hamamı və ovdan (su anbarı, su toplamaq üçün rezervuarı) xarabalıqlarını V-VI əsrlərə aid xristian məbədinin qalıqları adlandırıblar və daha inandırıcı olması üçün yaxınlığına üzərində erməni xaçı olan “qədim” daş yerləşdiriblər.

Tapılmış “Tiqranakert”in sözün əsl mənasında yüz metrliyində erməni tərəfi qədim “Şahbulağın” yerində yeni qala yaradıblar. Bir sıra mətbuat orqanları səhvən onu həqiqi, Qarabağlı Pənahəli xan tərəfindən tikilmiş kimi qəbul edib.

Lakin bu – eskizləri XIX-XX əsrlər çar Rusiyası arxivlərində qorunan Şahbulaq qalası stilində, müasir kəsim daş və sementdən hazırlanmış restoran kompleksidir. Erməni tərəfi şərq kanvansarayına bənzər nəsə düzəldib və bunu Şahbulaq qalası kimi qələmə verir.

Bu ərazinin əsl tarixini gizlətmək və dəyişmək üçün “Tiqranakert-Şahbulaq” ikili saxtakarlığı bu cür yaranıb.

0.30055594444275