“İşimizin keyfiyyət göstəricisi bank proqramlarının fasiləsiz işləməsidir” - Qadın İT mütəxəssisi ilə MÜSAHİBƏ

Rabitəbankın Proqramlara dəstək şöbəsinin rəisi Pərvin Mürvətova bankların proqram təminatı, təhülkəsizliyi barədə Xeber-ps.com-ın suallarını cavablandırıb.

- Pərvin xanım, banklarda hansı Bank proqram təminatından istifadə olunur?

- Hər bir bank üçün istifadə olunan bank proqramı xüsusi əhəmiyyət daşıyır. Çünki bütün bank əməliyyatları, müştəri xidmətindən tutmuş bankın digər strukturlarının işi bank proqramı vasitəsilə həyata keçirilir. Proqramın isfadədə rahat və anlaşılan olması çox vacibdir.

Ölkəmizdə bir çox banklarda Flexcube, Temenos T24, GNI və s. kimi alınma bank proqramlarından istifadə olunur. Bunun bir çox üstünlüyü olsa belə, müəyyən çətinlikləri də var.

Lakin bizim Rabitəbankda istifadə etdiyimiz əsas bank programı tamamilə daxili resurslar hesabına, bank əməkdaşları olan proqramçılarımız tərəfindən hazırlanıb. Proqram öz proqramistlərimiz tərəfindən hazırlanıb və daim təkmilləşdirilir. Əsas bank proqramının başqa sözlə CoreBanking proqramının daxildə hazırlanması biznesin tələblərinə uyğun olaraq istənilən dəyişikliyi çox qısa zamanda, operativ təmin etməyə imkan verir.

Təbii ki, bu proses hər nə qədər maraqlı olsa belə, bir o qədər də məsuliyyətli işdir. Hər bir yeni məhsul və ya layihə istifadəyə verilməzdən öncə bir çox test mərhələlərindən keçir və biz proqramlara dəstək şöbəsi olaraq bütün bu prosesin mərkəzində yer alırıq. Corebanking proqramına dəstəyin verilməsi bizim şöbə əməkdaşlarının əsas vəzifə öhdəliyidir. Rabitəbankın istənilən biznes və ya dəstək stukturunun corebanking ilə bağlı soğruları peşəkar komandamız tərəfindən operativ şəkildə icra edilir. Bizim işimizin əsas keyfiyyət göstəricisi bank proqramlarının və dolayısı ilə bankın fasiləsiz və kəsintisiz fəaliyyət göstərməsidir.

Təchiz edilmiş serverlərin texniki göstəriciləri bu proqramın fasiləsiz işləməsinin təmin olunması və ya digər maneələrin yaranmaması üçün hər hansı risk yaratmır ki?

Bank üçün məlumatların saxlanıldığı serverlərin güvənilir və yüksək paramentli olması çox vacibdir. Əsas serverlərdən əlavə bankımızın yüksək parametrli stanby serverləri də mövcuddur ki, bu da mümkün risklərin qarşısını almaq məqsədi güdür. Serverlərimizə nəzarət bank əməkdaşları olan Məlumat bazası administratorları (database admins) tərəfindən həyata keçirilir. Bəzi serverlərə bizim şöbə əməkdaşları bəzilərinə isə Proqramların inkişafı şöbəsi nəzarət edir.

- Proqram təminatının ümumiyyətlə bu sahədə reytinqi, dayanıqlığı və təhlükəsizliyi (o cümlədən Bank sirrinin qorunmasında etibarlılığı) barədə danışardız zəhmət olmasa.

- Rabitəbankın corebanking proqram təminatı və o cümlədən hazırda bankda istifadə edilən bir sıra digər daxili proqramlar bankın öz məhsulu olduğu üçün onların alqoritm təhlükəsizliyi, elastikliyi və operativliyi çox yüksək səviyyədədir. Bank sirrinin qorunması bizim üçün ən əsas təhlükəsizlik məsələlərindən biri olduğundan biz bu prosesdə beynəlxalq təcrübədən çıxmış təhlükəsizlik protokolları tətbiq edilir, həm əməkdaşlar, həm də təhlükəsizlik şirkətləri tərəfindən mütəmadi stress testlər keçirilərək yoxlanılır və təkmilləşdirmələr aparılır. Bankımızın hazırda istifadə etdiyi proqram sırf bizim daxili tələbləri ödəmək üçün formalaşdığından unikal bir məhsuldur və bu səbəbdən sözügedən proqram təminatına hər-hansı bir reytinq vermək doğru olmaz.

- İT departamentinə əməkdaş seçimi zamanı əsasən hansı kriteriyalara üstünlük verirsiniz?

- Ümumilikdə İT departamentlərinə və xüsusi ilə də bizim şöbəyə yeni əməkdaşların seçimində dörd əsas xüsusiyyətə önəm veririk. Bu xüsusiyyətlər, yüksək məntiq, məsuliyyət, özünü inkişafa meyl, və səmimilikdir. İşimizin tələblərinə uyğun olaraq əmədakdaşların hər birindən yüksək məntiq və sürətli düşünmə tələb edilir. Yazdığımız hər sətir kod bankın fəaliyyətinə təsir etdiyi üçün əməkdaş həm də məsuliyyətli olmalıdır. İT sahəsi ümumilikdə proqressiv və sürətlə inkişaf edən sahədir, yəni, sizin bir neçə il öncə öyrəndiyiniz biliklər artıq köhnəlmiş sayılır, bu səbəbdən öz üzərində daim işləyən əməkdaşlar hər zaman bir addım öndə olurlar. Səmimilik isə komandada iş, gündəlik ünsiyyət zamanı çox vacibdir. Biz günümüzün səkkiz saatını bəzən isə daha çox vaxtını işdə keçiririk və bu müddət ərzində bir-birimizlə ünsiyyətdə oluruq. Bu səbəbdən mütəmadi ünsiyyətdə olduğumuz insanların peşəkar xüsusiyyətləri ilə yanaşı şəxsi keyfiyyətlərinin də yüksək olması bizim üçün çöx önəmlidir.

- Bankda çalışırsınız. Bir qadın İT mütəxəssisinə bu faktor hansı çətinliklər yaradır?

- Təbii ki, İT asan sahə deyil, xüsusiylə xanımlar və ələxsus ailəli xanımlar üçün. Bunun çox fərqli səbəbləri var, ilk öncə heç kimə sir deyil ki, xanımların çiyinlərnə daha çox məsuliyyət düşür, ailə, ev və işi balanslaşdırmaq o qədər də asan deyil. Lakin düşünürəm ki, insan kişi və ya qadın olmağından asılı olmayaraq öz işini sevirsə, bütün çətinliklərə sinə gərə bilər. İT sahəsində işləmək mənə zövq verir, öz işimi sevirəm, bəlkə də hər-hansı başqa sahədə işləsəydim indi olduğum qədər xoşbəxt olmazdım. Necə deyərlər, xoşbəxt o insandır ki, səhər işinə tələsir axşam isə evinə (gülür). Əlbəttə ki, hər sahənin olduğu kimi, bizim sahənin də müəyyən çətinlikləri olur, bəzən olur ki, özünə, ailənə istədiyin qədər vaxt və diqqət ayıra bilmirsən. Lakin düşünürəm ki, sevgi olduğu yerdə bütün çətinliklər müvəqqətidir, hər nə qədər çətin olsa da, İT sahəsini seçdiyinə bir gün belə olsun peşman olmamışam, çətinliyin olduğu yerdə mütləq inkişaf var.

- Hər hansı bir problem ortaya çıxanda onun çevik həlli üçün hansı asan mexanizmlərə üstünlük verirsiniz?

- Problemli vəziyyətlərdə qərarvermə çox situativdir. İşimiz gərəyi hər gün məxtəlif problemlərlə qarşılaşırıq və onları operativ şəkildə həll etmək bizim işimizin ayrılma hissəsidir. Bizim əsas istifadə etdiyimmiz metodika, problem yarandığı zaman onu lokallaşdırmaq və lazım olduqda digər daha təcrübəli əməkdaşların bilgilərinə baş vurmaqdır. Bizim departamentə belə bir yazılmamış qayda var, həlli olmayan problem yoxdur və məsləhətləşərək, mmüzakirə edərək bütün problemləri ortadan qaldırmaq olar. Az öncə qeyd etdiyimiz səmimilik və əla iş mühiti burada öz sözünü deyir. Hər-hansı bir problem yarandıqda heç-kim öz yaxasını kənara çəkmir, mümkün qədər kömək etməyə çalışır. Düşünürəm ki, bizi güclü edək də, qısa müddət ərzində bizə böyük uğurlar qazandıran da məhz bu xüsusiyyətdir.

- Mütəxəssisləri, demək olar ki, 24 saat aktiv həyat tərzi keçirirlər. Bu, qadın üçün hansı çətinliklər yaradır? Üstəlik, bankda çalışırsınız və bu, o deməkdir ki, hər an müdaxilə zərurəti ortaya çıxan problemlər ola bilər. Bunu necə planlaşdırırsınız? Növbəli iş sistemi ilə, yoxsa problemin bir nəfər tərəfindən həllinə qədər gözləyirsiniz?

- Təbii ki, işimiz çox ciddi, məsuliyyətli və gərgindir. Elə günlər olub ki, ani həll tələb etdiyindən biz bütün gecə komanda yoldaşlarımızla birgə yaranmış problemi aradan qaldırmaq üçün həll axtarmışıq. İşimizin gözəl tərəflərdən biri odur ki, evdən də işləyə bilirik, bu da bir çox probleemlərimizi fiziki olaraq ofisə getmədən həll etməyə imkan verir. Çünki bəzi hallarda problemlər məhz qeyri-iş saatlarında baş verir və ani həll tələb edir. Bir çox rutin işləri və ya gün ərzində yaranan problemləri biz əməkdaşlarla növbəli şəkildə həll edirik, müəyyən vaxtlar isə plansız baş verən gözlənilməz hadisələr olarsa əməkdaşlar işə uzaqdan qoşularaq onu həll edir.

0.31455993652344