Fransa Senatının ermənipərəst mövqeyi ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyətini şübhə altına alıb

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan böyük zəfər əldə edib. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan, bir nəfər belə şəhid vermədən azad edilməsini şərtləndirib. 30 ildir, öz doğma torpaqlarından ayrı düşmüş soydaşlarımızın qayıdışı üçün şəhər və kəndlərimiz yenidən qurulacaq. Məğlub Ermənistan isə bundan sonra bütün işğalçılıq iddialarından əl çəkməli, başqa ritorika seçməlidir”.
Bunu “Yeni Azərbaycan” qəzetinə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Bu günlərdə Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirən partiya sədrinin sözlərinə görə, bu addım yolverilməzdir: “Eyni zamanda, Milli Məclis, ölkədə fəaliyyət göstərən siyasi partiyalar bu qətnaməyə qarşı kəskin münasibəti əks etdirən bəyanat qəbul ediblər. Ümumiyyətlə, Fransa Senatının ermənipərəst mövqeyi bu ölkənin ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyətini şübhə altına alıb”.

0.096201181411743