Çatdırılma üçün göndərilən heyvanları küçəyə atan sürücü CƏZALANDIRILDI

Sahibləndirilən heyvanları çatdırmağı öhdəsinə götürən, ancaq ünvana çatmadan onları küçəyə atan sürücü cəzalandırılıb.

Bu barədə Xeber-ps.com-ın sorğusuna cavab olaraq "Yango" taksi şirkətindən bildirilib. Qeyd olunub ki, sözügedən sürücünün platformaya girişi məhdudlaşdırılıb:

"Vəziyyətdən xəbərdarıq və baş verənlərdən dolayı şok içərisindəyik. Partnyor sürücünün platformaya girişi artıq məhdudlaşdırılıb. O, artıq xidməti sifarişləri yerinə yetirə bilməyəcək. Biz hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazırıq və onların rəsmi müraciəti əsasında bütün lazımi məlumatları təqdim edəcəyik.

Xatırladırıq ki, "Yango"nun öz sürücüləri və ya avtomobilləri yoxdur, biz yerli partnyor taksi şirkətləri və onların sürücüləri ilə əməkdaşlıq edirik", - deyə cavabda qeyd olunub.

Xatırladaq ki, şirkətin xidmətindən yararlanan müştəri könüllü sahibləndirdikləri iki pişiyi taksi ilə yola saldığını, sürücünün bir qədər getdikdən sonra sifarişi ləğv etdiyini bildirib.

"Xeyli zəngdən sonra telefonu açan sürücü bizə dedi ki, pişikləri yolda atmışam. Səbəbini soruşanda isə yalnız "əcəb elədim" cavabını verdi. Biz hara atdığını soruşduq ki, heç olmasa, gedək götürək", - deyə müştəri narazılığını sosial şəbəkədə paylaşıb.

Aygün Mirakif

0.23029112815857