Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

2020-ci il oktyabrın səkkizi - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on ikinci günü. Əməliyyat planına uyğun olaraq, bütün tədbirlər fasiləsiz olaraq davam edir.

Xeber-ps.com xatırladır ki, Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də dinc əhalini və mülki infrastrukturu hədəf alır. Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. Düşmənin mülki əhalini hədəfə almaqla Goranboy rayonunun Şahməmmədli kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kəndin sakini, 1957-ci il təvəllüdü Türyan Tofiq qızı Quliyeva yaşadığı evdə həlak olur, evə isə maddi ziyan dəyir.

Növbəti hədəf Gəncə şəhəri olur. Düşmən tərəfindən artıq üçüncü dəfə Gəncə şəhərinə raket zərbələri endirilir. Həmçinin, Bərdə və Ağcabədi rayonlarının kəndləri və Bərdə şəhəri də atəşə tutulur. Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alır, eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər beş nəfərin yaralanmasına səbəb olur. O cümlədən, məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyir. O da məlum olur ki, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə "Toçka-U" taktiki raket kompleksindən, Gəncə şəhərinə isə "Smerç" reaktiv yaylım atəşi sistemindən atəş açıb.

Bununla yanaşı, səhər saatlarından başlayaraq düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyir. Həmin radələrdə Ermənistan ordusunun Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutması nəticəsində rayonun Böyükbəyli kənd sakinləri, 1992-ci il təvəllüdü Sədi Bəbir oğlu Cəbrayıllı və 1977-ci il təvəllüdü Hürü Talış qızı Quliyeva avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilirlər. Bir sözlə, döyüş meydanında ağır məğlubiyyətə düçar olan düşmən ordumuzun uğurlarına yeni mənfur əməlləri ilə reaksiya verir.

Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə bu təxribatların cavabını yenə də döyüş meydanında verir. Belə ki, əvvəlcə ordumuz tərəfindən Ermənistanın milli qəhrəmanı Vartan Markaryanın adını daşıyan Ermənistan ordusunun 8-ci əlahiddə motoatıcı briqadasının döyüş bayrağı ələ keçirilir. Bu, müharibənin gedişində düşmənin ələ keçirilən ikinci döyüş bayrağı olur.

Bununla yanaşı, ordumuzun əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən olan Yervand Qaciyan da məhv edilir.

Müdafiə Nazirliyi isə gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsünü yayımlayır.

Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

Həmçinin, yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolonu artilleriya atəşi ilə məhv edilir.

Müdafiə Nazirliyi düşmənin zirehli texnikasının məhv edildiyi növbəti videogörüntüləri yayımlayır.

Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

Vətən müharibəsinin 12-ci günü - Separatçıların liderlərindən biri məhv edilir

Bir sözlə, müharibənin on ikinci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, ərazilərimizin işğaldan azad edilməsi torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verirdi.

Mərahim Nəsib

0.074733018875122