Qobustan qəsəbəsinin sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR

Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni yaşayış massivi 1A ünvanında yaşayan sakinlər yolların vəziyyətindən narazıdır.

Onlar şikayətlərində bildirirlər ki, vaxtilə orada yerləşən dəmir yolu söküldükdən sonra ərazi baxımsız qalıb:

"Yollarımız baxımsız vəziyyətdədir. Uşaqlarımız məktəbə gedib-gələ bilmirlər. Ərazidə əvvəl dəmir yolu var idi. Daha sonra bu yol söküldü və ancaq betonlar və torpaq qaldı. Hələ də bu yolun asfaltlanması istiqamətində işlər görülmür. Yol torpaq olduğu üçün yağış yağanda palçıq olur, hərəkət etmək müşkülə çevrilir. Nə işə gedə bilirik, nə də uşaqlarımız dərsə gedə bilir".

Mövzu ilə bağlı Xeber-ps.com Qobustan Qəsəbə Bələdiyyəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ərazidəki vəziyyətdən xəbərdardırlar və yaxın gələcəkdə yola asfalt qatı döşənəcək:

"Sözügedən ünvanda yollar ölçülüb, torpağın üzərində hamarlanma işləri görülüb. Yaxın gələcəkdə - COP29 tədbirindən ya əvvəl, ya da sonrakı ayda 1 200 metrlik yolda asfaltlama işləri görüləcək".

Aygün Mirakif

0.056313991546631