Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.
Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinfində təhsil alan şagirdi dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.
Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.
Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən (BŞTİ) "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən məktəbin 1c sinif şagirdi nizam-intizam qaydalarına tabe olmadığından onu tədris prosesinə cəlb etmək mümkün deyil. Sinifin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğundan şikayətlənir və bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.
Şagirdin valideyni ilə bu haqda dəfələrlə söhbət aparılıb.
İdarədən o da bildirilib ki, məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Məktəb rəhbərliyi tərəfindən şagirdlə bağlı müvafiq qərarın verilməsi üçün psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət ediləcək.
Təhsil ekspertləri isə bildirirlər ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olmadan hər hansı bir şagirdin təhsildən kənarlaşdırılması özü də bir qanun pozuntusudur.
Ekspert bildirib ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olsa belə, şagird alternativ təhsilə cəlb olunmalıdır.
Ətraflı süjetdə:
1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - İddialara RƏSMİ CAVAB