Heykəlin məna yükü olduqca ağır və dağıdıcıdır

Kubra Məhərrəmova yazır...

Bu dünyanın işi çox qəribədir. Geci-tezi var, çək-çeviri var, amma ədaləti də var. Doğma vətənində məzarı dağıdılan şair Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılıb. Xatirəsi əbədiləşdirilib. Buna sıradan abidə kimi yanaşa bilərdik ki, amma olmur. Çünki abidənin açılışında ölkə başçısı İlham Əliyev şəxsən iştirak etdi və olduqca vacib mesajları söylədi. Mütləq qeyd etməliyəm ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün cənab prezident iki sərəncam imzalayıb.

Birinci sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu ki, o da dünən yaşandı.

İndi deyəcəksiniz ki, ölkə başçısı bir sıra elm və mədəniyyət nümayəndələrinin abidələrinin açılışında iştirak edir, nə olsun ki?

O olsun ki, məhz dünən ölkə başçısının çıxışı (yeri gəlmişkən yığıncaq iştirakçılarının əksəriyyəti elə qərbi azərbaycanlılar idi) həm ölkədaxili, həm də xarici üçün vacib mesaj idi.

İlk növbədə ölkə başçısı bir daha qərbi azərbaycanlılara sanki zəmanət verdi ki, tezliklə tarixi torpaqlarımıza qayıdacağıq.

İkincisi isə bir daha bildirdi ki, dövlət və dövlətçilik nəyi, nə zaman və necə edəcəyini çox yaxşı bilir. Elə çıxışdakı bu cümlələr kimi:

"Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm də uzunmüddətli. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək".

Yəni ki, asan olmasa da, necə ki, biz 30 il ərzində inamla bu istiqamətdə irəliləyərək məqsədə nail olduqsa, növbəti məqsədlərə də eləcə nail olacağıq.

Bu fikirlərə inanmaq üçün isə əsaslı səbəblər var.

Çünki ölkə başçısı eyni mesajları vaxtı ikən Qarabağ və digər işğal altında olan ərazilər üçün də deyirdi. Bir vaxtlar kimlərsə bunun qeyri-mümkün olması barədə fikirlər yürütsə də, bu sözlərin boşuna deyilmədiyinin real şahidi olduq.

Əslində bu fikirləri ölkə daxilində daha çox səslənməsi üçün bir sıra proksi qüvvələr, beynəlxalq təşkilatlar, "sülh göyərçinləri" və qrant qarşılığında dondan- dona girən, erməniyə qardaş deyənlər əlindən gələni edirdilər. Ölkə xaricində isə erməni lobbisinin əlaltıları, bir sıra yüksək kürsülərdə oturan və erməni milyonçularının maraqlarını dünya arenasında təmin edən siyasi xadimlər ordusu var idi. Unutmayaq ki, Qarabağ və işğal altında olan ərazilər bizim üçün müqəddəs torpaq, Vətən olsa da, ermənilər və onların əlaltıları, havadarları üçün çox böyük biznes layihəsi idi. Nəzarətdə olmayan ərazilər, "boz zona", yeraltı sərvətlərlə zəngin olan torpaq, tranzit yüklərin hara və necə gəldi keçirilməsi və s. kimi qeyri-leqal biznes fəaliyyəti üçün cənnət idi. Bu biznesdə aşağı-yuxarı marağı olan hər kəs Azərbaycanın ölkə başçısını inandırmağa çalışırdı ki, "reallıqlarla barışmaq, Qarabağdan əlini üzmək, gənc nəsli sülhə hazırlamaq" ən real çıxış yoludur.

Qeyd edim ki, bu hələ bizim, ictimaiyyətin bildiyi, gördüyü təzyiqlər idi.

Siyasi kuluarlarda, pərdə və bağlı qapılar arxasında hansı şərtlərin, danışıqların getdiyini bilmirik. Təxmin edə bilərik. Ona görə də müharibənin təkcə sahədə deyil, elə 30 il də danışıqlar masası arxasında getdiyini nəzərə almalıyıq.

Amma və lakin bütün təzyiqlərə baxmayaraq ölkə başçısı əmin addımlarla, hər gün daha çox qarşısında qoyduğu məqsədə nail olurdu. 44 günlük müharibədən və 24 saatı tamam olmayan antiterror tədbirlərindən sonra sanki, dünyanın Azərbaycana və onun başçısına qarşı fikirləri fundamental şəkildə dəyişdi.

Bu gün xarici ekspertlər deyirlər ki, cənab Əliyevin siyasəti bəzən çox sərt, bəzən isə elə yumşaq olur ki, onun rəqibləri növbəti gedişin haradan gələcəyini belə təxmin edə bilmirlər. Bir də çaşqınlıq içində görür ki, mat vəziyyətindədir və reallıqla indi özləri barışmalıdır.

Bütün bu regional və beynəlxalq siyasi hadisələr fonunda bu gün ölkə başçısının "biz Qərbi Azərbaycana dönəcəyik" deməsi o deməkdir ki, qərbi azərbaycanlılar artıq köçə hazırlaşmalıdır.

Çünki Əliyev nə deyibsə, onu da edib.

"Mən hətta işğal dövründə, 10 il, bəlkə ondan da qabaq bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim" deməsi bir daha onu sübut edir ki, ölkə başçısının plan və addımları qətidir. Çünki Qarabağ boyda dərdi ilə çarpışan zaman Qərbi Azərbaycan dərdi heç vaxt yaddan çıxmamış və unudulmamışdır. Deməli ki, prosesin məntiqi davamı və sonluğu var.

Bir dəfə Azərbaycan diplomatı ilə ünsiyyətimiz zamanı dedi ki, "Cənab Əliyev, hər dəfə açıqlamalar və yeni məqsədlər barədə danışanda, "axı bu fantastik bir ideyadır. Bütün əks və böyük güclərin təsirinə qarşı buna necə nail olmaq olar?" deyə başımızı tutanda, bir də görürük ki, ölkə başçısı qısa zaman ərzində buna nail oldu. Bizə isə yalnız onun gedişatlarını təhlil etmək qalır.

Və bunu təkcə öz diplomat və siyasətçilərimiz deyil, dünya çapında olan diplomat və siyasi ekspertlərdə deyirlər.

İnternetin açıq resurslarında bu fikirlərə şahidlik edə bilərsiniz.

Düşünürəm ki, bir zamanlar necə bütün Azərbaycan və dünya azərbaycanlıları qarabağlı olub Qarabağ uğrunda mübarizə aparırdılarsa, bu gün hər birimiz Qərbi azərbaycanlı olub tarixi məqamları araşdırmalı, dünya və düşmənlərimizi qarşısında biliklə, tarixi əsaslarla silahlanmalıyıq. Çünki hər kəs kimi Qərbi azərbaycanlıların da, öz tarixi vətənlərində yaşamaq hüquqları var və bu hüquq dünya birliyi tərəfindən tanınmalıdır.

Sonda isə yenə də ölkə başçısının açıq və dəqiq fikirlərini diqqətinizə çatdırmaq istərdim: "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

P.S.

Heykəli bəyənməyənlər üçünsə deyə bilərəm ki, inşallah Ağkilsədəki Aşıq Ələsgərin heykəli ürəyinizcə olar. Heykəlin estetikası sizin könlünüzcə olmasa da, onun siyasi və ictimai məna yükü olduqca ağır və dağıdıcıdır.

0.42728281021118