Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi general-mayor Səxavət Salmanov təqaüdü ilə bağlı məhkəməyə şikayət edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ildən təqaüdə çıxan general aldığı müavinətin az olduğunu qeyd edir. Sabiq rəis 2019-cu ildən bəri aldığı təqaüdün düzgün hesablanmadığını iddia edir. Buna görə də o, 32 min 407 manatın əskik olduğunu irəli sürərək, həmin məbləğin ona verilməsini tələb edir.
O, bununla bağlı ilk olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edib. Lakin burada Səxavət Salmanovun iddiası təmin edilməyib. Belə olduqda, keçmiş rəis birinci instansiya məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Məhkəmənin ilk iclası noyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Səxavət İbrahim oğlu Salmanov 2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun imzaladığı fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. 2015-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.