İngiltərə yığmasının 2028-ci ildə baş tutacaq növbəti futbol üzrə Avropa çempionatında iştirakı qadağan edilə bilər.
Xeber-ps.com xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, İngiltərə futbolunda tənzimləyici qurumun yaranması ehtimalı ilə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) müvafiq qərar qəbul edə bilər.
Qeyd olunur ki, UEFA-nın baş katibi Teodor Teodoridis İngiltərənin mədəniyyət, media və idman naziri Liza Lendiə hökumətin futbolun idarə olunmasına müdaxiləsinin yolverilməzliyi ilə bağlı məktub göndərib. Qəzetin yazdığına görə, o, İngiltərənin yüksək liqalarında klublara nəzarət etmək səlahiyyətlərini tənzimləyicilərə verməkdən çəkinməyi xahiş edib və müstəqilliyi futbolun əsas tələbi adlandırıb.
"The Times" yazır ki, əks halda UEFA sanksiyalar tətbiq edə bilər ki, bunun da ən böyüyü milli federasiyanın qovulmasıdır. Belə olan halda, İngiltərə yığması 2028-ci ildə İngiltərə və İrlandiyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcək və ingilis klubları avrokuboklardan kənarlaşdırılacaq. Həmçinin, ingilis futbolçuların 2026-cı il dünya çempionatında iştirakı sual altında ola bilər.