Azərbaycan millisinin baş məşqçisi nəticədən narazı, Monteneqronunku razıdır - FİKİRLƏR

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində İvan Lalyak-İliç adına stadionunda keçirilən Azərbaycan – Monteneqro oyunundan (0:0) sonra hər iki komandanın baş məşqçisinin iştirakı mətbuat konfransı keçirilib. 

Hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

Canni De Byazi (Azərbaycan milli komandasının baş məşqçisi): “Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam dörd oyunda qol buraxmamağımızdır. İkinci hissədə imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda məğlub da ola bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik.

Cinahlar hücuma daha fəal qoşulmalı idi. Misal üçün, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odur ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindir.

Abbas bizim üçün çox vacib oyunçudur. Sloveniya ilə oyunda ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.

Faruk Hacibeqiç (Monteneqro milli komandasının baş məşqçisi): “İstədiyimiz nəticəni əldə etdik. Çünkü qrupun digər oyununda Lüksemburq millisinin xal itirməsi işimizə yaradı. Hər iki komanda yaxşı oyun göstərdi və bütün bacarığını nümayiş etdirdi. Məncə, nəticə hər iki komanda üçün ədalətli oldu”.

0.29360222816467