Yerin təbii peyki heç də Günəş sisteminin ən qonaqpərvər yeri sayılmır. Onun səthində temperatur fərqləri 300°-yə çatır. Ay günü ərzində (Günəş Ayın bir tərəfini işıqlandıranda) temperatur +127°-yə qədər qalxa, Ay gecəsində isə (Günəş olmayanda) -173°-yə qədər düşə bilər.
Ayda həm Günəş, həm də kosmosun dərinliklərindən gələn yüksək radiasiya səviyyəsi var. Üstəlik, onun səthinə tez-tez meteorlar düşür.
Bəşəriyyət isə bu qədər qonaqpərvər olmayan səma cismini mənimsəməyi planlaşdırır. Belə ki, Rusiya, Çin və ABŞ-nin Ayda yaşayış bazaları tikmək planları var. Bəs onları necə tikəcəklər? Aydındır ki, burada optimal həll Ayın səthi altına tunel qazmaqdır. Ancaq alimlər bu yaxınlarda kəşf ediblər ki, Ayda artıq tunellər var.
Xeber-ps.com-ın verdiyi məlumata görə, bu barədə beynəlxalq alimlər qrupunun "Nature Astronomy" jurnalında dərc olunmuş məqaləsində bildirilib.
Məsələ burasındadır ki, ABŞ-nin "Lunar Reconnaissance Orbiter" kosmik aparatı 2010-cu ildə Sakitlik Dənizini (Ayın görünən tərəfində yerləşən region) tədqiq edərkən orada çoxlu çuxur aşkarlayıb və orda temperaturun +17° səviyyəsində saxlanıldığını müəyyən edib. Alimlərin sözlərinə görə, çuxurlarda sabit temperatur kölgələnmə sayəsində qorunur. Belə çuxura nə qədər dərinə getsən, orada temperatur bir o qədər sabit olacaq.
Alimlər güman ediblər ki, bu çuxurların bəzisi çökmüş lava borusudur.
Bu yaxınlarda beynəlxalq alimlər qrupu həmin məlumatları yenidən araşdırıb və Sakitlik Dənizindəki dərinliyi 100 metr, eni təxminən 400 metr olan çuxur onların diqqətini çəkib.
Tədqiqatçılar qeyd etdilər ki, bu sahədə radiolokasiya siqnallarının təhrifləri Ayın bu hissəsi üçün qeyri-tipikdir. Elmin təklif edə biləcəyi ən realistik izahat isə həmin ərazidə boşluqların mövcudluğudur.
"Biz aşkar etdik ki, MTP-dən (Sakitlik Dənizindəki həmin nəhəng çökəklik - red.) gələn radiolokasiya əks-sədalarının bir hissəsini Ay səthinin altında onlarla metr uzunluğunda mağara kanalına aid etmək olar. Bu kəşf göstərir ki, MTP Ay bazası üçün perspektivli yerdir, çünki o sərt səth şəraitindən sığınacaq təklif edir və insanın Ayı uzunmüddətli tədqiqini dəstəkləyə bilər", - deyə alimlər bildiriblər.
Kəşfin müəlliflərinin qiymətləndirməsinə görə, kanal (və ya tunel) səthdən 130-170 metr dərinlikdə yerləşir. Onun uzunluğu 30-80 metr, eni isə təxminən 45 metrdir. Hələlik onun dibinin nə qədər maili olduğunu anlamaq çətindir. Ola bilsin ki, tunel Yer peykinin dərinliklərinə aparır.
Alimlər, həmçinin Ayda belə yerlərin çox olduğunu ehtimal edirlər. Bu gün onun səthində təxminən 200 çuxur məlumdur. Lakin məhz bu 100 metrlik çökəklik ən maraqlı hesab edilir. Ehtimal olunan mağara səthdən ən azı 60 metr dərinlikdə olmalıdır. Bu, gələcək Ay kolonistlərinin özlərini orada təhlükəsiz hiss etmələri üçün kifayətdir.