Şəkinin Baş Küngüt kəndinin sakini Sadiq Mustafazadə uzun illərdir çaynik kolleksiyası toplamaqla məşğuldur. O, bunun üçün 30 ilə yaxın vaxt sərf edib. Kolleksiyada dost-tanışlarının hədiyyə etdiyi özəl çayniklər də az deyil. Kolleksiyanı ziyarət edənlər istədiyi çaynikdə çay sifariş edə bilərlər. Çayniklərin əksəriyyəti keramikadan hazırlanıb
AZƏRTAC xəbər verir ki, ixtisasca memar-dizayner olan Sadiq Mustafazadə həm də təbiət vurğunudur. O, gəzib-görməyi, çayniklərdən kolleksiya toplamağı özünün hobbisi hesab edir və bu işdən zövq alır. Dünyanın dörd bir yanından topladığı çaynikləri kəndin yaxınlığında, dağın zirvəsində inşa etdiyi məkanda, xüsusi bir yerdə sərgiləyir.
Sadiq Mustafazadə ilk çayniki 1995-ci ildə İsraildən aldığını bildirir. "Oxuyan bayquş" adlanan bu çaynik onun diqqətini çox çəkib və çayniki əldə edib. Beləcə, çaynik kolleksiyasının əsası qoyulub. Artıq 30 ilə yaxındır ki, Sadiq müəllim kolleksiyanı genişləndirməklə məşğuldur.
Kolleksiyada 6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik var. Onun sözlərinə görə, belə kolleksiya Azərbaycanda bir ilkdir. Müsahib deyir ki, səyahət etdiyi ölkələrdə dükan-bazarlara baş çəkəndə onun gözləri çaynik axtarır. Bəzən bir çaynikin sorağına uzaq məsafələr qət edir. Dünyanın ən bahalı sərgilərinə çıxarılan, nümayiş etdirilən çayniklərə də burada rast gəlmək olur.
"İnsanları birləşdirən ən gözəl ənənələrdən biri də çay süfrəsidir. Çay həm də mədəniyyətdir, barış, ünsiyyət yaradan amildir. Hər hansı millətin nümayəndəsi ilə bir araya gələndə də ortaya çay gətirilir, sonra söhbət edilir", - deyən Sadiq müəllim bildirir ki, kolleksiyasındakı çayniklərin əksəriyyəti tam istifadəyə yararlıdır.
O, kolleksiyasını qayalar üzərində inşa etdiyi məkanda sərgiləməsindən də söz açıb. Deyir ki, bu, onun təbiət aşiqi olmasından, torpaq, yurd sevgisindən qaynaqlanır.
Sadiq Mustafazadə bu gün də axtarışdadır. Eyni zamanda, yaxın dostları da ona bu işdə - kolleksiya toplamaqda kömək edirlər.