Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 10 gündür respublika ərazisində fasiləli şəkildə yağışlı hava şəraiti müşahidə edilir. Regionların bir qisminə isə dolu yağıb, hətta sel gəlib.

Təsərrüfatla məşğul olan şəxslər üçün hava şəraitinin dəyişkənliyi narahatlıq yaradır. Əziyyətlə əkib-becərilən məhsulun keyfiyyətinin aşağı düşməsini təbii ki, heç kəs istəməz. Digər tərəfdən, bu, həm də bazara çıxarılacaq meyvə-tərəvəzin satış qiymətlərinə də təsirsiz ötüşməyəcək.

Bəs mövcud vəziyyət yerli bazarlarda qiymətlərə necə təsir edir?

Bazarda satıcılar da, alıcılar da qiymətlərin yüksəkliyindən narazılığını bildirirlər. Alıcılar məhsulların ötən dövrlə müqayisədə daha baha qiymətə təklif olunduğunu deyirlər. Satıcılar isə məhsulun maya dəyərinin artmasını əsas gətirərək, məhsullardan maksimum 20-30 qəpik gəlir götürməyə çalışırlar.

Yaxşı, yağışlı hava şəraitinin kənd təsərrüfatına nə kimi mənfi və müsbət təsirləri oldu?

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili monitorinq şöbəsinin müdiri İmran Cümşüdov Xeber-ps.com-a açıqlamasında son günlər respublika ərazisində müşahidə edilən yağışlı hava şəraitinin bütünlükdə kənd təsərrüfatı üçün faydalı olduğunu hesab edir.

O bildirib ki, taxıl və dənli bitkilərin əkini öncəsi yağışlı havalar torpağa müsbət təsir edir:

“Dənli-paxlalı bitkilər respublikamızın həm təbiət şəraitində, həm də suvarma şəraitində yetişdirilir. Ötən il təxminən 100 min hektardan artıq sahədə quraqlıq səbəbindən taxıl zəmilərində məhsul məhv olmuşdu. Amma şükür, bu il hava yağmurlu keçir. Əlverişli hava şəraiti bu il taxıl zəmilərində məhsuldarlığı artıracaq. Düşünürəm ki, fermerlər bu dəfə təsərrüfat ilini uğurla başa vurur”.

İ.Cümşüdov onu da əlavə edib ki, yazlıq bitkilərin əkini davam edir:

“Pambıq əkininin artıq 90 faizi başa çatıb, amma hələ də proses davam etməkdədir. Əkilən pambığın 70-80 faizində çıxış alınıb. Bu da, yaxşı haldır. Məhsulun formalaşması, normal inkişafı üçün yağmurlu hava şəraiti müsbət qiymətləndirilir.

Yem bitkiləri üçün də faydalıdır. Çünki bu, heyvandarlıq sahəsində yem ehtiyatlarının formalaşması - həm təbii otlaqlarda, həm də mədəni əkinçilik nöqteyi-nəzərdən önəmlidir”.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov isə qeyd edib ki, yağışlı hava şəraiti tez yetişən meyvələrin çatlama riskini artırır:

“Hazırda tez yetişən meyvələrdə - gilas, şaftalı, nektarində çatlama riski artır. Bu o demək deyil ki, meyvələrin hamısı çatlayacaq. Bir sıra xəstəliklərin oyanışına səbəb ola bilər, lakin fermerlər illərin təcrübəsi ilə bu istiqamətdə qabaqlayıcı tədbirlər görə bilirlər.

Kartof isə əsas Cəlilabad rayonunda idi, orada məhsul yığımı demək olar ki, başa çatıb. Dağlıq, dağətəyi rayonlarda yağışlı hava şəraiti bir tərəfdən yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, yağış bir gündə yağmayıb, 10-12 günə düşən yağıntı miqdarıdır. Ona görə də, elə bil riskli məqam yoxdur. Sel gəlmədiyi müddətdə yağışların kənd təsərrüfatına heç bir mənfi təsiri olmur”.

Könül Cəfərli

0.26855516433716