Bakıda sevgilisi ilə hotelə gedən qadın uşaqlarını da özü ilə aparıb - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını hotelin binasından atan şəxsə hökm oxunub.

Lent.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Şükür Qəmbərov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ş.Qəmbərov 2022-ci ilin aprelin əvvəlində Ağcabədidəki kafelərdən birində ofisiant işləyən T.İ (ad şərti) adlı qadınla tanış olub və qeyri-rəsmi münasibətə başlayıb. Şükür onunla ailə quracağı vədini verib. Münasibətləri dövründə Şükür qadına və onun uşağına qarşı zorakılıq edib. Buna baxmayaraq, münasibətləri davam edib.

2023-cü ilin 16 fevralında Ş.Qəmbərov darıxdığı və görüşmək istədiyi üçün qadını Bakıda yerləşən hotellərdən birinə dəvət edib. Qadın iki uşağı ilə həmin ünvana gəlib. Otağa daxil olduqdan təxminən yarım saat sonra aralarında mübahisə yaranıb. Davam edən münaqişədən sonra Şükür onu ayaqlarından tutaraq altıncı mərtəbənin pəncərəsindən üçüncü mərtəbənin damına atıb. Ağır bədən xəsarətləri alan T.İ xəstəxanaya yerləşdirilib və həyatı xilas olunub.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirib ki, onu pəncərədən Şükür atmayıb, özü tullanıb:

“Şükürlə Bakıda istirahət etmək üçün hotellərdən birinə getdik. Uşaqları qoymağa yer olmadığı üçün onları da özümüzlə hotelə apardıq. Mübahisə zamanı uşaqlara telefonda cizgi film qoşub, onları hamam otağına qoyduq. Şükürü hədsiz dərəcədə sevirdim. Onun sevgisini yoxlamaq üçün otağın pəncərəsini açaraq ora çıxdım. Şükür məni sakitləşdirməyə çalışdı. Şükürü qorxutmaq üçün əlimi pəncərədən çəkdim. O, məni tutmaq üçün cəhd etməsinə baxmayaraq ayağım sürüşərək altıncı mərtəbədən yerə yıxıldım”.

Zərərçəkmişin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədəki ziddiyyətlər təşkil edib. O, istintaqdakı ifadəsində onu binadan Şükürün atdığını və dəfələrlə onu ölümlə hədələdiyini bildirib. T.İ ibtidai istintaqdakı ifadəsini Şükürü sevdiyi və onun başqası ilə evlənməməsi üçün tutulmasını istədiyi ilə əlaqələndirib.

Məhkəmədə ifadə verən Şükür Qəmbərov özünü hadisə üzrə təqsirli bilməyərək, T.İ-nin ona ayrılacaqları təqdirdə özünü öldürəcəyini dediyini bildirib:

“T.İ ilə görüşmək üçün hotelə getdik. Ondan ayrılmaq istədiyimi dedim. Lakin o, mənə ayrılacağım təqdirdə özünü öldürəcəyini dedi. Onun sözlərinə inanmadım. Həmin vaxt sakit olsa da, o, pəncərəyə yaxınlaşaraq “özümü buradan atsam ölərəm” ifadəsini işlətdi. Onun qolundan tutub içəri çəkmək istəyəndə başı pəncərənin qırağına dəyib qanadı. Əsəbiləşib onu yerdən qaldırıb, şillə vurdum. Gedib hamam otağında əl-üzümü yudum. Qayıdanda onu yenə pəncərənin qarşısında gördüm. “Haqqını halal et, mən bilirəm ki, sən məni aldadırsan və getdikdən sonra məndən ayrılacaqsan” sözünü dedi və özünü binadan atdı. Sonra özüm təslim olmaq üçün polis bölməsinə yaxınlaşdım”.

Ş.Qəmbərov ibtidai istintaqda verdiyi ifadədə bildirib ki, o, qadını binadan aşağı atıb və onu ölümlə hədələyib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti ibtidai istintaq zamanı psixoloji təzyiqə məruz qalması ilə əsaslandırıb.

Məhkəmə iclasında şahid qismində dindirilən qadının anası vurğulayıb ki, işdə olarkən qızının Şükürlə bərabər getdiyini eşidib:

“Qızıma zəng elədim, nəvəm açdı telefonu. Anasının yerini soruşduqda isə xətt kəsildi. Yenidən zəng edəndə, bu dəfə telefonu polis əməkdaşları açdılar və məni hotelə çağırdılar. Nəvəmdən soruşanda Şükürün anasını hotelin pəncərəsindən yerə atdığını dedi”.

Araşdırmalar zamanı hər iki tərəfin telefonları tədqiq edilib. Şükürlə qadının mesajları və səs yazışmaları ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qadını ölümlə hədələyib.

“Məni biabır elədin. Səni öldürəcəyəm. Səni diri-diri doğrayacağam”, - bu kimi hədələyici mesajlar yazıb.

Nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən ilin mart ayında çıxardığı hökmlə Şükür Qəmbərov 120.1-ci maddə ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 7 il 10 ay həbs cəzası verilib.

0.22429323196411