Qazaxın işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrinin Azərbaycana qaytarılması geniş müzakirə mövzusudur.
Təbii ki, bir güllə atılmadan Azərbaycanın bu kəndləri öz nəzarətinə qaytarması dünya miqyasında böyük nailiyyətdir.
Vasitəçi olmadan Azərbaycanla Ermənistan arasında əldə edilmiş bu razılıq sülh üçün qiymətlidir.
Bildirək ki, ikitərəfli razılıqlar yeni deyil. Bundan əvvəl, 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat da tarixi sənəd idi.
Bəyanatda göstərilirdi ki, tərəflər əsirlərin dəyişdirilməsinə razılaşıblar.
Razılaşmaya görə, 32 erməni hərbçi və 2 azərbaycanlı hərbçini tərəflər müvafiq olaraq azad ediblər.
Həmin sənəddə sülh üçün tarixi imkanların olduğu qeyd olunub, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyinə bir daha dəstəklərini ifadə ediblər. Üstəlik, Ermənistan öz namizədliyini geri götürərək COP29-un Azərbaycanda keçirilməsinə dəstəyini göstərib.
COP29-la əlaqədar məsələ iki ölkə arasındakı diplomatik müharibənin dayandırılması kimi şərh oluna bilər. Azərbaycan isə qlobal diplomatik liqaya çıxaraq dünya üçün ən aktual problem - iqlim dəyişikliyi ilə mübarizənin aparıcı gücü olan COP29-u qazandı.
2024-cü il aprelin 19-da iki ölkənin yenə heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdiyi bəyanat da diqqət çəkdi.
Bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan dörd kəndin Azərbaycana qaytarılması baş tutur.
Bütün bunlar qalib xalqın qalib lideri cənab Prezident İlham Əliyevin böyük uğurudur. Heç kimdə şübhə olmamalıdır ki, İlham Əliyevin strateji zəkası, siyasətdəki manevrləri beynəlxalq müstəvidə də geniş müzakirə mövzularından biridir.
44 günlük müharibədə qələbə, ardınca üç il sonra - 2023-cü ilin sentyabrında - separatizmin məhv edilməsi Prezidentin siyasətinin nə qədər dəqiq olduğunu göstərdi. Bu dəfə isə Azərbaycan Qazaxın işğal altında olan yeddi kəndindən dördünü qaytarır.
Budur, Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəsiz diplomatiya böyük uğur gətirir.
Bu onu göstərir ki, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər.
İndi gərək Ermənistan tam başa düşsün ki, Azərbaycan sülhdə necə maraqlıdır. Özü də vasitəçisiz ərsəyə gələcək sülhdə. Buna görə də İrəvan Qərbdə təhlükəsizlik zəmanətləri axtarmaqdan, ABŞ-nin, Fransanın şirin vədlərinə aldanmaqdan qaçmalıdır.
Ermənistan konstruktiv davranarsa, öz maraqlarından çıxış edərsə və başqalarının əlində alət olmazsa, regionda davamlı sülh tam şəkildə təmin oluna bilər.
Bəli, Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımızın gözü bir daha aydın olsun!
Artıq hamı bilir ki, Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq Azərbaycanın taleyi ilə bağlı qurulan bütün ssenariləri alt-üst etməyi, böyük qələbələrlə xalqı müjdələməyi bacaran liderdir.
Bu gün hamı bu iradə ilə hesablaşır. Çünki Prezident İlham Əliyev Cənubi Qafqazda yeni geosiyasi reallıq və status-kvo yaratdı.
Bu gün Azərbaycan Cənubi Qafqazın güclü və lider dövlətidir. Azərbaycanın iradəsindən kənar Cənubi Qafqazda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür.
Aqil Vəlili