Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Ermənistan danışıqlar masası arxasında daha bir çox məsələləri vasitəçilərin iştirakı olmadan həll etməyə qadirdir”.

Bunu “Report” informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiyaların səkkizinci iclasının yekunları üzrə aprelin 19-da Ermənistanın Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı qəbul edilmiş qərarı şərh edərkən deyib.

“Burada Azərbaycan və Ermənistanın vasitəçi olmadan razılıq əldə etməsi çox vacib faktdır. Bu o deməkdir ki, iki ölkənin nümayəndələri üçüncü tərəf olmadan bir masa arxasına əyləşdikdə onlar daha çox şeyə nail olurlar”, - o bildirib və əlavə edib ki, Azərbaycan bu formatı Ermənistana uzun müddətdir ki, təklif edirdi.

“Report”un direktorunun sözlərinə görə, birbaşa Ermənistanla danışıqlar aparmaq və sülh sazişi əldə etmək xeyli asandır.

F.Hüseynəliyev xatırladıb ki, üç il ərzində rəsmi İrəvanın sülh prosesi ilə bağlı ritorikası dəyişib:

“Müəyyən müddət ərzində sülh prosesində durğunluq olub... Lakin indi onlar (Ermənistan - red.) başa düşməlidirlər ki, sülh prosesinin növbəti mərhələsinə - sülh sazişinin bağlanmasına, delimitasiya və demarkasiyaya, kommunikasiyaların açılmasına keçilməlidir”.

“Biz Paşinyanın ritorikasının da vaxtaşırı necə dəyişdiyini görmüşük. Onun Azərbaycanla qonşuluğu təşvişlə qəbul etməmək lazım olduğu barədə son bəyanatı Ermənistanda keçmişdənqalma fikirdən - Azərbaycana düşmən kimi baxmaq fikrindən daşınacaqlarına və mehriban qonşuluq münasibətləri göstərəcəklərinə dair fikir formalaşdırır”, - F.Hüseynəliyev vurğulayıb.

0.17242193222046