BMT-də Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlərarası dialoq forumu üzrə brifinq keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçiriləcək.

“Report” verir ki, aprelin 12-də BMT-nin Nyu-Yorkddakı qərargah binasında keçiriləcək birgə brifinqdə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Qeyd edək ki, 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib. BMT-nin Baş katibi “Bakı Prosesi”ni tanıyıb və mədəniyyətlər arasında dialoqun tərəfdarıdır. BMT Baş Assambleyası da ardıcıl olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təsdiqləyib.

Mayın 1-3-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

0.12315201759338