Azərbaycanı təhdid edən mina təhlükəsi: Dünya buna nə qədər susacaq? - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 aprel tarixi bütün dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasında yer alır.

İlkin qiymətləndirmələrə görə, 30 illik işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb. Bu, ilk növbədə beynəlxalq humanitar hüququn pozulmasıdır. Dilemma ondan ibarətdir ki, başqa vaxt havadarlarının təhriki ilə beynəlxalq hüquq “pərdəsi” arxasında gizlənməyə çalışan İrəvan 30 il ərzində açıq şəkildə insanlıq əleyhinə cinayət törədib. Daha maraqlı və təəssüfləndirici məqam isə budur ki, həmin müddət ərzində heç bir üçüncü dövlət və beynəlxalq təşkilat Ermənistana “gözün üstündə qaşın var” deməyib. Hətta indi - Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən, işğala son qoyduqdan sonra, sülh perspektivinin gündəlikdə olduğu bir vaxtda vasitəçilik iddiasında olan tərəflər minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini Ermənistandan tələb etmirlər. Bu isə mina qurbanlarının sayının artmasına səbəb olur.

Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 vətəndaşımız mina qurbanına çevrilib, onlardan 65-i həlak olub, 285-i isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı ilkin dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarından 357-si uşaq, 38-i isə qadındır.

Bu azmış kimi, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan riyakar əməllərini davam etdirdi. Rəsmi İrəvan 44 günlük döyüşlərdən sonra bir müddət Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ 2023-cü ilin sentyabr ayında BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı bildirmişdi ki, 2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci ilin avqust ayından indiyədək Ermənistanda 2021-ci ildə istehsal edilmiş ümumilikdə 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib.

Ermənistanın uzun illər davam edən mina terroru onu deməyə əsas verir ki, qarşı tərəf Qarabağın nə vaxtsa işğaldan azad olunacağını bilirdi. Rəsmi İrəvan başa düşürdü və həm də etiraf edirdi ki, Qarabağ Ermənistan ərazisi deyil. Elə buna görə də həmin əraziləri rahatlıqla minalayırdı.

İkincisi, bu həm də o deməkdir ki, Ermənistan beynəlxalq hüquq normalarına etinasız yanaşmaqla yanaşı, mülki insanlara qarşı vandallıq törətməkdən də çəkinmirdi.

Mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma yurdlarına qayıdış prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır. Hazırda işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın daxili resursları hesabına aparılır. Bu istiqamətdə bəzi xarici tərəfdaşlarla əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən verilən dəstək cüzidir.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Çünki rəsmi Bakı vətəndaşların öz tarixi torpaqlarına mümkün qədər tez qayıtmasına çalışır.

Azərbaycan öz ərazilərində minatəmizləmə işlərini davam etdirməklə yanaşı, qlobal miqyasda da bu işə əhəmiyyətli töhfə verir. 2023-cü ilin mayında Ağdamda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans keçirilmişdi. Həmin konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılara müraciət etmiş, öz çıxışında çox mühüm mesajlar vermişdi. Özəlliklə qeyd edilmişdi ki, Azərbaycanın təşəbbüsü ilə UNESCO silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının çox mühüm bir istiqaməti kimi, minaların mədəni mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə qəbul olunub.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bu gün Bakının əsas hədəflərindəndir. Azərbaycan bu məqsədlə bütün imkanlarını səfərbər edir. Həmçinin gələcək mina risklərinin qarşısının alınması məqsədilə topoqrafik məlumatların Azərbaycana verilməsi üçün Ermənistanla təmasları davam etdirir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 4-də özünün “X” hesabında yazıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin demək olar ki, hər qarışı işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib. Bu, həm də beynəlxalq ictimaiyyətə verilmiş mesajdır. Çünki beynəlxalq aktorlar minalı ərazilərin təmizlənməsi və sözügedən topoqrafik xəritələrin Azərbaycana verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər. Onlar yalnız bu halda özlərinin səmimiliklərini və beynəlxalq hüquqa hörmətlə yanaşdıqlarını göstərə bilərlər.

“Report” İnformasiya Agentliyi

0.13447499275208