“Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Aİ-Ermənistan-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb.
Bu tarixi fürsətin uğuruna çox yaxın olduğumuz bir dönəmdə üçüncü tərəflərin, xüsusən də qeyri-regional faktorların prosesə zərər vurmamaq üçün ədalətli və qərəzsiz, ehtiyatla yanaşması daha da vacibdir.
Bu kontekstdə 5 aprel 2024-cü ildə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün münaqişənin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına xələl gətirəcəyini açıq şəkildə ifadə etmək bizim borcumuzdur.
Azərbaycanı istisna edən bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, onun geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.
Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun parametrlərini nəzərə almağa və tərəflərə bərabər məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik.
İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu rifaha nail olacaq.
Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - XİN-dən bildirilib.
Mənbə: Haber Global