“Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında görüşə Qafqazın digər ölkələri - Azərbaycan və Gürcüstanın dəvət olunmaması təəssüf doğurur və anlaşılmazlıq yaradır”.
Bunu “Report”a açıqlamasında Avropa İttifaqının Gürcüstandakı “Media, Promotion, Innovations, Consulting Association-MPIC”nin təsisçisi və İdarə Heyətinin üzvü Andrzey Klimczyk deyib.
Onun fikrincə, regionda davamlı sülhə, sabitliyə və inkişafa nail olmaq üçün Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın prosesdə birgə iştirakı olmalıdır:
“ABŞ-nin dövlət katibi Antoni Blinken aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələyə aydınlıq gətirməyə çalışıb. Azərbaycan tərəfi də haqlı olaraq öz mövqeyini bir daha açıq şəkildə ifadə edib. Lakin Brüssel görüşünün tam məqsədini bilmirəm”.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə N.Paşinyan, A.Blinken və Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçiriləcək.