“Qərb Ermənistanın əli ilə Rusiyaya yeni cəbhə açmaq istəyir. Bu da öz növbəsində regiona, Cənubi Qafqaza da təsir edəcək”
Bunu Azreform.info-ya siyasi şərhçi Fuad Əliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan 5 aprel 2024-cü ildə Brüseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ birgə konfransda müharibəyə doğru bir addım qabağa gedəcək:
“ABŞ, Avropa İttifaqının Azərbaycana qarşı ikili siyasəti artıq aydın görünür. Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək vermək əvəzinə, bu ölkələr vəziyyəti daha da gərginləşdirirlər. ABŞ, Fransa və ümumilikdə Avropa regionu qeyri-sabitliyə və fəlakətə sürükləyirlər. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan və onun havadarları Azərbaycanın gücünü nəzərə almaq istəmirlər. Digər tərəfdən Azərbaycanın tək olmadığını da yaddan çıxarıblar. Azərbaycanın yanında Türkiyə və Pakistan kimi qardaş və dost ölkələr var. Regionun başqa oyunçuları var - Rusiya və İran. Bu ölkələr də öz sərhədlərinə yaxın NATO qoşunlarının yerləşdirilməsinə narahatçılığını bildiriblər”.
Fuad Əliyevin sözlərinə görə Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması ona baha başa gələcək:
“Ermənistan ikinci Ukrayna olacaq. Amma Ukrayna kimi uzun müddətli müharibəni apara bilməyəcək. Onun nə iqtisadi, nədə ki, hərbi potensiallı var. Bu gedişatla Ermənistan öz mövcudluğunu itirəcək”.