Şərçi “telejurnalist”: Rusiya rəsmiləri Solovyova qarşı təcili tədbir görməlidirlər - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 22-də Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert zalında 150-yə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli terror aktı fonunda növbəti çirkin dezinformasiya yayılıb. Həmişə olduğu kimi, bu dəfə də situasiyadan öz məqsədləri üçün istifadə etməyə çalışanlar meydana çıxıblar.

Rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyov da anti-Azərbaycan mövqeyini yenidən nümayiş etdirmək üçün “Crocus City Hall” terrorunu “fürsət” bilib. Düzdür, onu öz ölkəsi ilə yanaşı, Azərbaycanda da yaxşı tanıyırlar, necə deyərlər, hansı yuvanın quşu olduğunu bilirlər, bilirik. O həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, heç vaxt obyektiv ola bilməyib, faktlar ortada olduğu, gözünə girdiyi məqamlarda da onun üzərindən keçib, üzünü o biri tərəfə çevirib Azərbaycana qarşı şər-böhtan atıb, ağlına və ağzına gələni danışıb.

Amma V.Solovyov o qədər də ağılsız və sadəlövh deyil, bir media nümayəndəsi üçün ən ağır mənəvi cəza və yük olan faktları təhrifetmə missiyasını elə-belə çiyinlərinə götürməyib, bu yükün altına havayı girməyib. Bəs onun “dəyirmanının suyu” haradan gəlir? Telejurnalistin Azərbaycana atdığı şər-böhtanın mənəvi əzabını azaltmaq üçün maddi rifahını kimlər təmin edirlər?

O, erməni lobbisinin, Rusiyadakı erməniəsilli biznesmenlərin sifarişlərini yerinə yetirir. V.Solovyovun bir neçə açıqlamasına baxandan, oxuyandan sonra bunu əminliklə söyləmək olar. Onun erməniəsillilər - rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla işbirliyini təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi.

Bundan başqa, onun anti-Azərbaycan bəyanatlarının əsas sifarişçilərindən biri Rusiyanın məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyandır. Telejurnalist müsahibələrində deyib ki, adıçəkilən oliqarxla yaxın dostdur, tez-tez görüşürlər. Görünür, V.Solovyov S.Karapetyanın hüzurunda hər dəfə peyda olanda pulla yanaşı, Azərbaycanla bağlı sifarişlər də alır və yerinə yetirir.

V.Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni şər-böhtançı dəst-xətin davamıdır. Hiss olunur ki, onların başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

Bu baxımdan, V.Solovyovun son hərəkəti də, əslində, təəccüblü olmamalıdır. Amma iş orasındadır ki, artıq şübhəlilər tutulublar. Üstəlik, istintaq davam edir. Əvvəla, belə bir vaxtda V.Solovyovun açıqlaması, əslində, istintaqın gedişinə müdaxilədir. Doğrudanmı bunu başa düşməyəcək qədər savadsızdır?

İkincisi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, jurnalistin işi obyektiv reallıqları təqdim etməkdir. V.Solovyov isə nəinki bunu etmir, heç dövlətinin maraqları üçün də çalışmır. Çünki sözügedən açıqlama birbaşa Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır. Bunu anlamaq üçün xüsusi təhlilə ehtiyac yoxdur. Necə deyərlər, hər şey gün kimi aydındır.

Təsadüfi deyil ki, artıq Rusiyada Azərbaycan icmasına qarşı təzyiqlər başlayıb. Bu prosesin gələcəkdə daha da şiddətlənməsi və real hücumların baş verməsi istisna deyil. Əlbəttə, bu, Rusiya ilə Azərbaycan arasındakı normal münasibətlərə zərbə vura bilər. Ən azından, suallar yaranacaq. Bu isə indiki vaxtda ən çox Ermənistana lazımdır. Belə bir ssenari Rusiya üçün isə kifayət qədər arzuolunmazdır.

Məlum olduğu kimi, Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı təzyiqlər artıb, Qərb bloku ölkəyə qarşı sərt sanksiyalar qoyub, Moskva ilə əməkdaşlıq edən ölkələrin sayı azalıb. İndi hamı Kremlə şübhə ilə yanaşır, ondan uzaq durmağa çalışır. Dünyanın əsas güc mərkəzlərindən biri sayılan, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, böyük təbii resurslara malik Rusiya ilə əməkdaşlıqdan imtina edən ölkələr bundan ziyan çəksələr də, indiki mərhələdə Moskvaya yaxın durmaq istəmirlər.

Beynəlxalq aləmdə anti-Rusiya ab-havasının hökm sürməsinə baxmayaraq, Moskva ilə ənənəvi əməkdaşlığını, normal münasibətlərini saxlayan az sayda ölkələr də var və Azərbaycan bu sahədə sabit siyasi kurs həyata keçirir. Hazırda Bakı-Moskva münasibətləri normaldır, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq edirlər, qarşılıqlı səfərlər həyata keçirilir, siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir. Üstəgəl, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır.

Belə bir situasiyada Azərbaycanla münasibətlərin qorunması Rusiyaya hava-su kimi lazımdır. Bunun üçün isə Rusiyanın müvafiq qurumları ən qısa zamanda Solovyovun bu bəyanatına reaksiya verməli, izahat tələb etməlidirlər. Həmçinin, gələcək təxribatların qarşısı konkret formada alınmalıdır. Əks halda o, istəyinə çata - Rusiyada yaşayan azərbaycanlılara qarşı qıcıq yarada, bundan sonra isə dövlətlərarası münasibətlərdə nifaq toxumu səpə bilər.

Digər tərəfdən, telejurnalist Azərbaycan və azərbaycanlılar əleyhinə əsassız bəyanatlar verməklə iki xalq arasında nifaq salır və bununla həm də cinayət törədir. Çünki Rusiya Cinayət Məcəlləsinə görə, xalqlar arasında qarşıdurma yaratmaq ağır cinayətdir. İndiyə qədər Azərbaycanla bağlı törətdiyi təxribatlardan bir nəticə əldə edə bilməyən, bununla da ağalarını narazı salan V.Solovyov indi də cinayətə əl atır.

Bunları nəzərə alsaq, deməliyik ki, V.Solovyov “Roma Papasından daha çox katolik” olmaq ritorikası ilə öz dövlətinə arxadan zərbə vurur, pul qarşılığında Ermənistan üçün çalışır. Rusiya rəsmiləri bunun qarşısını təcili almalıdırlar.

“Report” İnformasiya Agentliyi

0.208909034729