“Dünya nüvə silahının tətbiqi ilə üçüncü dünya müharibəsinə yaxınlaşıb”.
Bu proqnozu rusiyalı politoloq, Beynəlxalq Humanitar və Siyasi Tədqiqatlar İnstitutunun direktoru, SSRİ-də dissident hərəkatının iştirakçısı, Rusiya Dövlət Dumasının bir neçə çağırış keçmiş deputatı Vyaçeslav İqrunov -a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, bu müharibədə qalib olmayacaq, bütün nüvə ölkələri, eləcə də bütün inkişaf etmiş ölkələr uduzacaqlar.
“Avstraliya və Yeni Zelandiya kimi Qərb ölkələrinin təsirsiz qalıb-qalmayacağını bilmirəm. Amma bu, mütləq ABŞ, Almaniya, Fransa, Rusiya və Çinə təsir edəcək. Müasir sivilizasiya məhv olacaq. Bundan sonra nə qədər insanın sağ qalacağını söyləmək çətindir. Bəlkə, 100 milyon - bir az az, bir az çox”, - deyə sabiq deputat bildirib.
O, üçüncü dünya müharibəsində heç kimin maraqlı olmadığını vurğulayıb, amma Birinci Dünya müharibəsində də kimsənin maraqlı olmadığını xatırladıb.
“Siyasi inkişafın və müəyyən addımların məntiqi var. Bu gün vəziyyət belədir ki, bir ölkə zorakılıq monopoliyasına malikdir - bu ABŞ-dir. Bir dəfə Çin Xalq Respublikasının sədri ölkəsinin təcavüzkar sayılmasına təəccübləndi, çünki ÇXR-in Çindən kənarda yalnız bir hərbi bazası var. Amma ABŞ-nin təkcə Çin ətrafında 98 hərbi bazası var. Buna baxmayaraq, amerikalılar dinc, çinlilər isə aqressiv sayılırlar.
Corc Buşun (ABŞ-nin 43-cü prezidenti - red.) doktrinası nəyin doğru, nəyin yanlış olduğunu, nəyin tətbiq oluna, nəyin tətbiq oluna bilməyəcəyini müəyyən etməkdə ABŞ-nin monopoliya üstünlüyünü nəzərdə tutur. Vaşinqton üçün beynəlxalq hüquq deyə bir şey yoxdur. Deməli, gec-tez bu məntiqi qəbul etməyənlər olmalı idi. Beləliklə müqavimət yaranır, ABŞ isə bunu qəbul etməyə hazır deyil”, - deyə ekspert izah edib.
Politoloqun sözlərinə görə, Rusiya üçün Ukraynadakı müharibə Qərblə müharibəyə çevrilib, çünki kəşfiyyatdan silah istehsalına qədər bu qarşıdurmanın bütün iqtisadi və əhəmiyyətli hərbi potensialı məhz orada cəmləşib.
“İndi isə söhbət artıq Qərb dövlətlərinin silahlı qüvvələrinin açıq şəkildə münaqişəyə cəlb olunmasından gedir. Fransa Prezidenti Emmanuel Makron bu barədə danışmaqdan çəkinmir. Amma bu addımın ardınca Rusiyanın cavabı gələcək. Bu necə olacaq? Bəzi insanlar bunun nüvə zərbəsi olacağını, taktiki nüvə silahından istifadə ediləcəyini istisna etmirlər. Əgər bu, Qərbi qorxutmasa, o zaman böyük nüvə müharibəsi qaçılmazdır.
Müharibədə bir əsgərin qarşılaşdığı ilk bombardman qorxulu görünmür. Ancaq ikinci bombalama dəhşətlidir, çünki əsgər bunun nə olduğunu artıq başa düşür. İkinci Dünya müharibəsini xatırlayan nəsil silahdan istifadə etməkdən qorxurdu, onlar ilk bombardmanı xatırlayırdılar. İndiki nəsil isə böyük müharibənin nə olduğunu bilmir”, - deyə siyasətçi vurğulayıb.
V.İqrunov dünyada mövcud olan turbulentliyin nüvə silahını dünyanın bir çox ölkəsi, o cümlədən Yaxın Şərq üçün cəlbedici etməsinə də münasibət bildirib.
O, şərhinə İrandan başlayıb və Tehranın hələ nüvə silahı olmadığını vurğulayıb:
“Tehran dəfələrlə qeyd edib ki, onu yaratmaq niyyətində deyil və nüvə texnologiyası onlara başqa şey üçün lazımdır. Onlar bütün sənaye sahələrini inkişaf etdirirlər. İran artıq bir çox cəhətdən texnoloji inkişaf etmiş ölkədir. Hətta Rusiya İrandan pilotsuz uçuş aparatları alır. Amma dünya hegemonunun (ABŞ - red.) həyata keçirdiyi qorxutma siyasəti nüvə silahını İran üçün cəlbedici edib. Bununla belə, İİR onu hələ yaratmayıb, ən azından, bəyan etməyib (heç kəs də İranı bu məsələdə ifşa edə bilməyib)”.
Ekspert Yaxın Şərq ölkələrindən İsraildə nüvə silahı olduğunu xatırladıb.
“ABŞ-nin sabiq prezidenti Donald Trampın vaxtilə cəzalandırmaq niyyətində olduğu, lakin nüvə başlıqları və onları çatdırmaq vasitələri olduğu üçün buna cəsarət etmədiyi Şimali Koreyaya baxın. Hər kəs bu dərsi öyrəndi. Ola bilsin ki, Səudiyyə Ərəbistanı, İran və başqa ölkələr nüvə silahı yaratmağa çalışsınlar”, - deyə politoloq bildirib.
V.İqrunov, bununla belə, dünyada iqtisadi, elmi-texniki imkanlarına görə nüvə “klubu”na qoşulmaq iqtidarında olan ölkələrin çox olmadığını vurğulayıb.
Nair Əliyev