Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisəsində muxtar respublikanın 100 illik yubileyi və Novruz bayramı münasibətilə “Yurdumuza bahar gəlir” adlı konsert proqramı təşkil olunub.
Xeber-ps.com xəbər verir ki, məhkumların iştirakı ilə bayram tonqalı yandırılıb. Tonqal ətrafında əyləncəli anlar yaşanıb. Müəssisə daxilində davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib və dövlət himnimiz səsləndirilib.
Pentensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin rəisi Əli Rəhimov tədbir iştirakçılarını təbrik edib və onlara səmimi arzularını çatdırıb.
Sonra Naxçıvan Dövlət Universitetinin musiqi kollecinin əməkdaşları və “Harmoniya” instrumental ansamblı tərəfindən milli musiqilər səsləndirilib.
Tədbirin sonunda cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən “Harmoniya” instrumental ansamblı və aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrə və il ərzində fərqlənən məhkumlara təşəkkürnamələr verilib.