Gürcü politoloq: “İrakli Kobaxidzenin Bakıya səfəri Azərbaycana yüksək etimadın göstəricisidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İrakli Kobaxidzenin Baş nazir kimi region ölkələri arasında ilk olaraq Bakıya səfər etməsi Gürcüstanın Azərbaycanla əməkdaşlığının, strateji tərəfdaşlığının göstəricisidir”.

Bunu “Report”a açıqlamasında gürcü politoloq, professor Badri Naşkebia deyib.

“Biz Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək səviyyədə davam etdiririk və inamla deyə bilərik ki, bu görüşdən sonra da əlaqələrimiz yeni müstəviyə qədəm qoyur. Əsas odur ki, bu əlaqələr möhkəmlənir, bütün mövzularda və istiqamətlərdə qarşılıqlı olaraq dəstəklənir”, - politoloq qeyd edib.

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünü xatırladan Naşkebia bu üç ölkənin əməkdaşlığının qarşıdakı illərdə təkcə onların deyil, bütün regionun inkişafına təkan verəcəyinə inandığını bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberqin səfərini şərh edən politoloq vurğulayıb ki, alyans rəhbəri regiona gəlməklə təhlükəsizlik baxımından öz dəstəyini nümayiş etdirdi.

Onun sözlərinə görə, NATO rəsmisinin İrəvana səfəri, eyni zamanda, sülh müqaviləsinin imzalanması istiqamətində prosesi sürətləndirəcək. Çünki Qərb Azərbaycan ilə Ermənistan arasında sülh yaranmasında maraqlıdır və NATO da bu istiqamətdə öz töhfəsini verəcək.

0.12704491615295