“Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6-sı aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib”.
Bunu Xeber-ps.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib.
O qeyd edib ki, bu qəzalarda səkkiz nəfər həyatını itirib, 24 nəfər xəsarət alıb:
“Təəssüf hissi ilə qeyd edirəm ki, dəfələrlə media subyektləri, eləcə də sosial şəbəkələr üzərindən əhaliyə edilən müraciətlərə baxmayaraq, hələ də sürücülər tərəfindən yol hərəkəti qaydaları pozulur. Bunun nəticəsində də arzuolunmaz hadisələr baş verir. Yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri içərisində ilk sırada sürət həddinin aşılması dayanır. Bundan başqa, sürücülərin manevretmə qaydalarını kobud şəkildə pozması, əks yola çıxma, nəqliyyat vasitəsinin nasaz halda idarə edilməsi də yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi şəkildə riayət etməyi tövsiyə edirik”.
Könül Cəfərli