Azərbaycanda daha bir stadionun projektoru sıradan çıxıb.
Prosport.Az-ın xəbərinə görə, Bakıxanov qəsəbəsində yerləşən “Neftçi” Futbol Mərkəzindəki stadionun (keçmiş İsmət Qayıbov adına stadion - red.) projektorlarında nasazlıq yaranıb.
Bu səbəbdən dünəndən start götürməli olan “Neftçi” Futbol Akademiyası üçün nəzərdə tutulan seleksiya məşqləri baş tutmayıb.
Qeyd edək ki, daha əvvəl Tovuz şəhər stadionunda güclü külək nəticəsində projektorlardan biri aşmışdı. Belə ki, dekabrın 23-də Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 81-ci dəqiqəsində dirəklərdən birinin aşması nəticəsində oyun yarımçıq saxlanılmış və ertəsi gün matç qaldığı yerdən davam etdirilmişdi. Tovuz klubu bu səbəbdən öz meydanında qış fasiləsindən sonra keçiriləcək görüşləri günorta saatlarında keçirməyə məcbur qalıb.
Həmçinin, daha əvvəl “Səbail” klubunun Bayıl qəsəbəsində ev oyunlarını keçirdiyi “ASCO Arena”nın işıqlandırma sistemində problem olduğundan, komanda rəqiblərini günorta qəbul etməyə məcbur qalıb. AFFA U-15 Liqasında “Səbail” - “Kəpəz” oyunu bu səbəbdən keçirilməyib və təxirə salınıb.