Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.
Onun sözlərinə görə, yanğın bir otaqda 35 kv.m sahəni əhatə edib. Binanın üçüncü və dördüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunublar.
Vurğulanıb ki, hadisənin ilkin səbəbi hələlik bəlli deyil.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində baş vermiş yanğın zamanı tibb müəssisəsində stasionar müalicə alan pasiyentlərin sayını açıqlayıb.
Onun sözlərinə görə, RPM-də stasionar müalicə alan 90 nəfərdən 50-si təxliyə olunub. TƏBİB rəhbəri vurğulayıb ki, xəstələrin təxliyəsi davam edir.
07:22
Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.
Bu barədə Xeber-ps.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyə-xilasetmə tədbirlərində fəal iştirak ediblər.
Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.
06:42
Respublika Perinatal Mərkəzində yanğın olub.
Xeber-ps.com-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən yanğının qısa müddətdə söndürüldüyü bildirilib.
Qeyd olunur ki, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə gedib.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamaya görə, bir nəfər tüstüdən zəhərlənib:
“9 yanvar 2024-cü il saat 3:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürmə işləri başa çatıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunublar.
Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.
TƏBİB rəhbərliyi hadisə yerindədir”.
TƏBİB-dən həmçinin qeyd edilib ki, yenidoğulmuş, hamilə və zahı qadınların təxliyəsi təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilə birgə xüsusi təchiz olunmuş ambulanslarla (reanimobil, küvəzli) həyata keçirilir.