Azərbaycan güləşçisi: “Millinin liderlərindən biri olduğumu olimpiadada sübut edəcəyimə inanıram” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləş üzrə 2024-cü ilin ilk böyük turniri yanvarın 10-da Xorvatiyada keçiriləcək. Azərbaycan millisi ayın 15-dək davam edəcək “Zaqreb Open”də 28 pəhləvanla mübarizə aparacaq.

2023-cü ildə məhz Zaqrebdə keçirilən Avropa çempionatında və “Zaqreb Open”də qızıl medal qazanan sərbəst güləşçi Əliabbas Rzazadə onun üçün düşərli olan ölkədə yenidən xalça üzərinə çıxacaq. 26 yaşlı idmançı bu dəfə 61 kq çəkidə qüvvəsini sınayacaq.

Əliabbas Rzazadə “Report”a müsahibəsində həm qarşıdakı turnirdən gözləntilərini bölüşüb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şanslarını dəyərləndirib.

- Güləş üzrə ilin ilk beynəlxalq yarışına hazırsınız?

- Turnirə yüksək səviyyədə hazırlaşmışıq. Bu, 2024-cü ildə ilk reytinq xarakterli yarışımızdır. İlə uğurlu start vermək istəyirəm. Bir çəki yuxarı güləşməyimə baxmayaraq, həm federasiya rəhbərliyi, həm də məşqçilər məndən yüksək nəticə gözləyirlər. Ölkə xaricindəki təlim-məşq toplanışından yeni qayıtmışıq. Fikrimcə, “Zaqreb Open”ə hazırıq. Uğurlu nəticəyə ümid edirik.

- 2023-cü ilin aprelində Zaqrebdə Avropa çempionu olmuşdunuz. Rəqibləri müqayisə etsək, eyni şəhərdə yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansınız nə qədərdir?

- İndiki rəqiblərin əksəriyyəti ilə qarşılaşmamışam. Çünki bu dəfə 61 kq çəkidə güləşəcəyəm. Ötən il “Zaqreb Open”də 57 kq çəki dərəcəsində qızıl medal qazanmışdım. Eyni uğuru təkrarlaya bilərəm. Heç bir rəqibimdən zəif deyiləm. Ancaq onları da özümdən zəif hesab etmirəm. Yarışa yüksək əhvali-ruhiyyədə hazırlaşmışam. Bu motivasiya ilə çempionluğa ümid edirəm.

- 61 kq-ı seçməyinizin səbəbi nədir?

- Məşqçilərin qərarı belə oldu ki, bu yarışda 61 kq-da çıxış edim. Onlar mənə bu çəkidə də inanırlar.

- Olimpiya çəkisi 57 kq-dır. Növbəti Avropa çempionatına qədər çəki salmalı olacaqsınız. Bu amil çətinlik yaratmır?

- Yəqin ki, Avropa çempionatında 57 kq-da çıxış edəcəyəm və çəki salmalı olacağam. Yenə də son qərarı məşqçilər heyəti verəcək. Bakıda keçiriləcək təsnifat turnirində də 57 kq çəkidə mübarizə aparacağam. Məşqçilərim “Zaqreb Open”də 61 kq-da çıxış etməyimi məsləhət görüblərsə, üzərimə düşən onların etimadını doğrultmaqdır. Düşünürəm ki, qızıl medal qazana bilərəm.

- Avropa Olimpiya Təsnifat turniri bu il Bakıda keçiriləcək. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bunu ciddi üstünlük saymaq olar?

- "Doğma divarlar" arasında güləşmək gözəl hissdir. Həmin turnirdə ən güclü heyətlə çıxış edəcəyik. Avropa Olimpiya Təsnifat turnirində ancaq finalçılar olimpiadaya lisenziya qazanacaqlar. Həmçinin mayda İstanbulda təşkil ediləcək dünya çempionatında ilk üç yerin sahibləri olimpiadada iştirak hüququna yiyələnəcəklər. Bakıdakı yarışda azarkeş dəstəyinin bizə böyük köməyinin dəyəcəyini hesab edirəm. Fikrimcə, Yay Olimpiya Oyunlarında Azərbaycanı bütün çəkilərdə, tam heyətlə təmsil edə biləcəyik.

- “Zaqreb Open”də 57 kq çəkidə İslam Bazarqanov yarışacaq. Onun mümkün uğurlu çıxışı bu rəqabətdə işinizi çətinə salmayacaq?

- İslam Bazarqanovla ötən il “Zaqreb Open”də qarşılaşmışdım və 10:0 hesablı qələbə qazanmışdım. Rəqabətə hazıram. İslam çempion olsa, yəqin ki, məşqçilər ya bizə əlavə görüş imkanı verəcəklər, ya da heyəti başqa cür quracaqlar. Onunla rəqabət bəlkə də olimpiadaya lisenziya qazanmağıma və Parisdə uğurlu nəticə qazanmağıma kömək edəcək.

- Olimpiadaya lisenziya qazanmaq və orada mükafatçılar sırasına düşmək şansınızı necə dəyərləndirirsiniz?

- Ötən il Avropa çempionluğunu qazandım. Daha əvvəlki yarışın finalında isə məni şimali makedoniyalı rəqibə uduzdurdular. Həmin hakimləri sonra yarışdan kənarlaşdırdılar. Avropa Olimpiya Təsnifat turnirində qarşılaşacağım bütün rəqibləri daha əvvəl məğlub etmişəm. 57 kq çəkidə olimpiadaya vəsiqə qazanmaq baxımından ən böyük şans məndədir. Olimpiadaya isə 6 ay vaxt qalıb. Güləşdə bu, uzun müddət deməkdir. Daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Özümü ötənilkindən daha güclü hiss edirəm.

- Hacı Əliyevdən sonra millinin lideri olmağa ən real namizəd siz hesab olunursunuz. Bu yükü çiyinlərinizdə daşımağa hazırsınız?

- Yığmanın lideri olmaq üçün əlimdən gələni edəcəyəm. Komandamızın kapitanı Hacı Əliyev, çox güman ki, olimpiadadan sonra karyerasını bitirəcək. Güləşin ona olimpiya çempionluğu borcu var. Çox istərdim ki, Hacı Parisdə qızıl medal qazansın. Hamımız ona güvənirik. Gənc nəsil isə inkişaf etməkdədir. Millinin liderlərindən biri olduğumu düşünürəm. Olimpiadadakı nəticəmlə bunu sübut edəcəyimə inanıram. Olimpiya çempionu olaraq məndən bunu gözləyən hər kəsi, xalqımızı sevindirmək istəyirəm.

0.089416027069092