Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Xəbər-PS-in suallarını cavablandırıb.
- Fuad müəllim, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü seçilmisiz. Artıq seçkilərdən iki ay keçib, bu müddət ərzində İctimai Şura olaraq nə işlər görmüsiz?
- Məlumat üçün bildirim ki, İctimai Şuranın tam formalaşdırılması seçkilərin ikinci turundan sonra baş verdi. Avqustun 12-si İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Sədr seçilib. Sədrin təqdimatı ilə sədr müavinlər və katib seçilib. Avqustun 22-si isə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İctimai Şuranın üzvləri ilə görüşüb, vəsiqələri təqdim edib. Burada bir məqamı qeyd etmək istərdim. Bu ilk görüş rəsmi olsa da, Vüsal müəllimin bizimlə görüşdə səmimi olduğuna görə, görüşün başqa bir formatda keçdiyini şahidi oldum. O məmur obrazını darmadağın etdi. Çox sadə və səmimi idi. Bir anda mənə elə gəldi ki, onu çoxdan tanıyıram. İndi siz iki ay dediz, amma iki ay deyil. Belə götürsək, təxminən 20 gündür ki, İctimai Şura fəaliyyətə başlayıb. Yuxarıda qeyd etdiyim o, bir prosesdir, protokola uyğun olan prosesdir. Bu həftə İctimai Şuranın iclası nəzərdə tutulub. Şura üzvləri iş bölgüsü aparacaq, gələcək fəaliyyətlə bağlı təkliflər verəcəklər. Yəni ki, əsas iş bundan sonra başlanacaq.
- Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyəti nədən ibarətdir?
- Bu suala cavab vermək üçün çox vaxt aparacaq. Qısa desəm, DMX fəaliyyəti çox böyük spektri əhatə edir. Misal üçün, miqrantlar, qeyri-qanuni miqrantlar, Azərbaycan vətəndaşlığı qəbul etmək istəyən və vətəndaşlıqdan çıxmaq, və s. kimi məsələlər. Mən ümumiyyətlə hesab edirəm ki, Miqrasiya Xidməti Dövlətin vizit kartıdır. Əcnəbilərin Azərbaycanla ilk tanış olduğu məhz Miqrasiya Xidmətinin əməkdaşları olur. Və bu əməkdaşlar əcnəbilərlə necə rəftar edəcəklər, bu onların yaddaşında qalacaq. Yəni ki, Azərbaycanla bağlı ilk rəyi Miqrasiya Xidmətinin əməkdaşları formalaşdırır. Mən bu iki ay ərzində müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çox peşəkar komanda formalaşdırıb. Mən xarici səfərlərdə olanda, istər-istəməz o ölkələrin miqrasiya xidmətinin əməkdaşları ilə rastlaşıram. Bir çox ölkələrdə miqrantlarla çox pis rəftar edirlər. Bu da həmin ölkənin imicinə mənfi rəy formalaşdırır. Bildiyim qədər Azərbaycan Dövlət Miqrasiya Xidmətin əməkdaşları bütün məsələlərə operativ reaksiya verirlər. Bu onu göstərir ki, bəlkə də təkrar deyirəm, Miqrasiya Xidmətin rəisinin peşəkar komanda formalaşdirdığına görədir.
- Fuad müəllim, Azərbaycan Respublikasının vətəndaş olmayan neçə nəfər var? Sizdə belə bir məlumat var?
- Rusiya sülhməramlıların Qarabağda müvəqəti yerləşən ərazidə yaşayan erməniləri saymasaq, Azərbaycan vətəndaşı olmayanların sayı, səhv etmirəmsə, bir neçə mindir. Vətəndaşsızlıq qalan şəxslərin gündəlik həyatda bir neçə çətinliklərlə qarşılaşırlar. Bu onların təhsil, əmək, sosial təminat hüquqlarından istifadə etmələrini məhdudlaşdırır. Məndə olan məlumata görə, Miqrasiya Xidməti Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirir, vətəndaşsızlıq halların azadılması istiqamətində mütamadi olaraq lazımı tədbirlər görür.