Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.”

Heydər Əliyev


Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacib komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm amildir. Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən və mühüm göstəricisidir.

Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın I minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər.

Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir.

Ümummilli Liderin layiqlı davamçısı cənab İlham Əliyev dilimizin inkişaf etdirilməsi və onun hüdudlarının genişləndirilməsi ilə əlaqədar ciddi işləri uğurla davam etdirir. Cənab İlham Əliyev: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib ki, xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizin varlığıdır. Bu dəyər Azərbaycan xalqının qədimliyini, kimliyini göstərən əsl mənəvi sərvətimizdir. Əzmkar və müdrik xalqımız zaman-zaman öz Ana dilini yad ünsürlərin təzyiqlərindən qoruyaraq daim inkişaf etdirmişdir. Belə ki, Azərbaycanda hökmranlıq edən xarici qüvvələr əsrlər əvvəl xalqımızın dilini assimilyasiya edir, öz dillərini yaymağa çalışırdılar. Müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəman xalqımız öz dilini də unutmamış, yadellilərdən qoruya bilmişdir. Həmçinin Azərbaycan dilinin yaşamasında, inkişafında, zənginləşməsində milli ədəbiyyatımızın da əhəmiyyəti böyük olub. Lap qədimdən başlayaraq klassiklərimiz bu dildə böyük əsərlər yaradaraq xalqımızın savadlanmasında, milli şüurunun inkişafında, özünüdərkində mühüm rol oynamış, daim Ana dilimizin zənginləşməsinə və yayılmasına çalışmışlar. Eləcə də XIX əsrin ortalarından başlayaraq Ana dilimizdə məktəblərin açılması ideyasını gündəmə gətirən, bu yolda çəkinmədən mübarizə aparan tərəqqipərvər ziyalılarımızı - Mirzə Fətəli Axundzadəni, Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Mirzə Kazım bəyi və digərlərini qeyd etmək istərdim. Onlar Azərbaycan dilində təhsil ocaqlarının yaradılmasında və uşaqların həmin məktəblərə cəlb edilməsində yorulmadan çalışmışlar.

Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə milli dil məsələsinin nə qədər həssas olduğu hamımıza məlumdur: “Hətta 30-cu illərdə Ana dilini gündəmə gətirənlər təqib olunur, repressiyalara məruz qalır, Sibirə sürgün edilirdilər. Həmin illərdə minlərlə soydaşımız milli məsələlər səbəbindən güllələndi. 70-ci illərdə də sovet respublikalarında dillərin sıxışdırılması prosesi davam edirdi. Amma buna baxmayaraq, həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli məsələlərə də diqqət yetirir, o cümlədən Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində cəsarətli addımlar atırdı. Əminliklə deyə bilərik ki, xalqımızın Ümummilli Lideri Ana dilimizi həmin dövrdə kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, onun işlənməsi, daha da zənginləşməsi naminə zəruri işlər gördü. Heydər Əliyev respublikamızda keçirilən bütün rəsmi tədbirlərdə səlis nitqi ilə öz Ana dilində danışır, onun saflığını, təmizliyini qorumağa çalışırdı. Həmin dövrdə, təbii ki, böyük hünər tələb edən bu işləri yalnız xalqına, vətəninə, soy-kökünə bağlı qətiyyətli şəxsiyyətlər edə bilərdi. Hətta Ulu Öndər 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Ana dilimizə dövlət dili statusu qazandırmaqla böyük bir tarixi missiyanı şərəflə yerinə yetirmişdir”.

“Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanı qurarkən də Ana dilimizi diqqətdə saxlayır, onu uca tuturdu. Məhz onun xidmətləri sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili oldu. Dövlətimizin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi, həmçinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı, fərmanlar imzalandı, Dövlət Dil Komissiyası yaradıldı, Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edildi, dövlət dili haqqında qanun qəbul olundu. Bütün bunlar Ulu Öndərin Ana dilimizə olan qayğısının və onun inkişafına verdiyi töhfənin göstəricilərdir”, - Milli Məclisin deputatı bildirib.

“Dövlətimizin dil siyasətini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, dilimizin yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, milli ensiklopediyamızın hazırlanması, xarici ədəbi-bədii əsərlərin Azərbaycan dilində nəşri və digər bu istiqamətdə görülən işlər Ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir. Fəxarətlə deyə bilərik ki, bu gün 50 milyondan artıq soydaşımız sevə-sevə bu dildə danışır. Məhz Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızı varlığının, birliyinin, həmrəyliyinin əsas təminatçısıdır. Əlbəttə, hər bir azərbaycanlı ilk növbədə Ana dilimizin qayğısına qalmalı və onu qorumaq üçün əlindən gələni əsirgəməməlidir”, - Səttar Möhbalıyev qeyd edib.

Səlim

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "50 milyondan çox insanı birləşdirən atribut - AZƏRBAYCAN DİLİ"
layihəsi çərçivəsində hazırlanıb

0.78451585769653