Milli musiqimiz varsa, xalqımız da yaşayır

Milli musiqimiz, milli musiqi alətlərimiz xalqımızın dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti özündə dilimizi, tariximizi, mənəvi keyfiyyətlərimizi, söz və musiqi sərvətimizi qoruması, dövləti, dövlətçiliyi ruhunda yaşatdığı üçün azərbaycançılığa xidmət edir.

Milli musiqimiz varsa, xalqımız da yaşayır. Məlumdur ki, ozan-aşıq sənəti xalqımızın arxaik dövrdə yaratdığı milli sənətdir Aşıq sənəti, sözün əsl mənasında, Azərbaycan dövləti tərəfindən qorunur, ona diqqət göstərilir.

Aşıq sənəti xalq arasında hər zaman hörmətlə qarşılanan bir sənət kimi sovet illərində də inkişaf edib.
Azərbaycan aşıqları hər zaman xalqımızın milli maraqlarından çıxış edib. Aşıqları xalq da sevib, dövlət də. Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış edərək bu gün də yaşayıb nüfuz etməkdədir.

28 Sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri - maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Kökləri qədimlərə gedib çıxan aşıq sənəti sinkretikdir. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. Bu cür rəngarəng bədii vasitələrlə silahlanmış və xüsusi istedada malik aşıq ifaçısı öz sənəti ilə çoxsaylı dinləyiciləri məftun edə bilər. Aşıqların ifası mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edirlər.

Aşıqlar milli Azərbaycan bayramları və toylarının əvəzedilməz iştirakçıları olmuşlar. Onlar öz mahnılarını balaban və digər nəfəs alətlərinin müşayiəti ilə ifa edirdilər, lakin əsas musiqi aləti hər zaman qədim Azərbaycan musiqi aləti olan saz olmuşdur. Qədim zamanlarda aşıqları ozan, varsaq, dədə adlandırırdılar. Onların tarixi keçmişi haqqında məlumatlar eposlarda, hekayətlərdə və mahnılarda qorunub saxlanaraq bu günümüzə qədər gəlib çatmışdır.

Aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki vacib əsaslarındandır. Aşıq sənəti əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq sənəti yalnız poetik düşüncə nümunəsi deyil, xalqın müdrikliyinin, çoxəsrlik təcrübəsinin, mədəniyyətinin təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı əks olunur. Aşıqlar öz zəngin poetikalarını yaratmışlar. Aşıq aşıq sənətinin əsas lirik qəhrəmanı, əsas siması və aparıcı obrazıdır. Aşıq sənətində ədəbi-bədii ifadələr əks olunmaqla, onlar şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında birləşdirici halqadırlar.

Azərbaycan aşıqlarının ən qədim epik yaradıcılıq nümunəsi müasir Azərbaycan aşıqlarının ulu babaları olan qədim ozanların həyatına, sevgi və qəhrəmanlıqlarına həsr olunmuş VII əsrə aid edilən “Kitabi Dədə Qorqud” dastanıdır. Aşıq sənəti həmçinin bəstəkarların yaradıcılığına da təsir göstərmişdir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən “Koroğlu” operasında istifadə olunmuşdur. Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən bəstəkar Qara Qarayev isə Üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir.

Aşıq musiqilərinin 80-dən çox ("Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi") coğrafi variantları mövcuddur. Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (16-cı əsr), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu əsr) və b. aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.

Cavid

Yazı "Folklor və Musiqi İrsini Təbliği" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

0.1266508102417