Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.
- Fuad müəllim, MHB iki aya yaxındır ki fəaliyyət göstərir. Bu qısa bir müddətdə fəaliyyətinizi necə qiymətləndirərsiz?
- Fəaliyyətimizə gəlincə, iki xeyriyyə aksiyasına start vermişik. #MehribanMay Qocalar Evinin sakinləri üçün və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə #təşəkkürqazan xeyriyyə aksiyasına başlamışıq. Bundan başqa MHB-nin "Qaynar xətti"ni yaratdıq. Və hər gün" Qaynar xətt"ə onlarla müraciətlər daxil olur. Birliyimizin mütəxəssisləri müraciətləri araşdırandan sonra, qeydiyyata alıb müvafiq təşkilatlara sorğular göndərirlər. Amma, fikrimcə fəaliyyətimizi biz yox, vətəndaşlar qiymətləndirməlidirlər.
- Ümumiyyətlə, vətəndaşlar MHB haqqında hardan məlumat alıblar?
- Yuxarıda qeyd etdiyim kimi, MHB-nin "Qaynar xətt" i yaradılandan sonra, whatsapp nömrəsi sosial şəbəkələrdə paylaşıldı. İlk günlərdə demək olar ki, müraciət olmamışdı. Sosial şəbəkələrdə isə kommentləri oxuyanda, başa düşürdük ki, bizi Konfederasiya ilə qarışdırırlar. Konfederasiyaya olan mənfi fikirləri bizim ünvanımıza yazırdılar. Yəqinki onlar Konfederasiyadan bir dəstək, bir kömək görmədiyinə görə belə mənfi fikirlər yazırdılar. Biz onlara Konfederasiyaya aid olmadığımızı izah edəndən sonra, Birliyimizə müraciətlərini göndərməyə başladılar.
-Fuad müəllim, fikrinizcə niyə vətəndaşların əksəriyyətinin AHİK-na belə mənfi münasibət var?
-Açığı mən həmkar dostlarımızın fəaliyyətini təftiş etmək istəmirəm. Amma, əgər Konfederasiyanın fəaliyyətinə belə bir münasibət varsa, deməli hardasa fəaliyyətlərində boşluq var. Mənim fikrimcə, vətəndaş kiminsə fəaliyyətini boş yerə tənqid etməz. Baxın, bizə olan müraciətlərin əksəriyyəti əlliliklə bağlıdır. Deməli, bu sahədə problem var və bu problemi aradan qaldırmaq lazımdır.
- Fuad müəllim, deyirsiz ki, dövlət təşkilatlara problemlərlə bağlı sorğular göndərirsiz. Göndərdiyiniz hansı dövlət təşkilatın fəaliyyətini müsbət, hansına mənfi qiymət verərdiz?
- Maraqlı sualdır. Əslində bir qayda var. Sorğulara, müraciətlərə 15 iş günü ərzində cavabın verilməsi. Biz heç kimi məcbur edə bilmərik ki, bizim müraciətimizə tez baxılsın və tez cavab verilsin. Amma operativliyə görə qiymət versək, müsbət qiyməti Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə verərdik. Bu iki təşkilat sorğularımızı çox çevik və obyektiv cavablandırıblar.
-Bəs mənfi qiymət hansı təşkilata verərdiz?
-Bir mənalı olaraq Səhiyyə Nazirliyinə. Sorğuların heç birinə cavab verməyiblər.