Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Sədr Aparatının iclası keçirilib. Xəbər-PS xəbər verir ki, iclasda pandemiya dövründə ümumtəhsil müəssisələrində vəziyyətlə bağlı bəyanat qəbul olunub.
Bəyanatda deyilir:
Təhsil Nazirliyi hər il bəyan edir ki, ümumtəhsil müəssisələrində şagirdlərdən pul yığılmır. Amma tədris ilin ilk günlərindən, baxmayaraq ki, dərslər on-line formada keçirilir, məlum olur ki, “Müəllimlər günü”nə indidən pul yığmağa başlanıb. Dərs ilinin yeni başlamasına baxmayaraq artıq valideynlər sosial şəbəkələr vasitəsilə toplantılar keçirirlər. Çox təəssüflər ki, bu iclasların təşkilinə valideynlərin bəziləri canfəşanlıq göstərirlər. Müəllimlərin qarşısında özlərini yaxşı göstərmək üçün, artıq keçmişdə qalan bayramların - “8-Mart”, “Novruz bayramı” və s. əlamətdar günlərin “bayram pulunu” yığmağa təklif edirlər.
Dövlətin qadağan etdiyi, amma heç bir məktəbin əməl etmədiyi pul yığmımları davam edir və bunun qarşısını heç bir halda almaq mümkün deyil. Şagirdin pul yığma aksiyasına qoşulmaması birbaşa onun müəllimlə münasibətinə çox ciddi təsir edir. Hətta bəzi valideyinlər də “bayram pulu” verməyənləri qınayırlar. Fond pulu, test pulu prosesinə də indidən start verilib.
ALDP bəyan edir ki, bu neqativ halların qarşısını almaqdan ötrü Təhsil Nazirliyi məktəblərdə monitorinqlər aparmalı və təhsil şöbələrinin müdirləri ilə intensiv görüşlər keçirməli, valideynləri “soyan” məktəb direktorları üzə çıxarılmalı və cəzalanmalıdırlar. Təhsil Nazirliyi mətbuat vasitəsilə valideynlərə də bu işdən çəkinməyə müraciət etməlidir.