Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. 158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur. Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir.
Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu gün Azərbaycanın bir sıra regionlarının acı reallığına çevrilib. Aran, Muğan bölgəsində, hətta Bakı kəndlərində erkən nikahlar, qızların məktəbə buraxılmaması halları baş alıb gedir. Son vaxtlar yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsinə dair kifayət qədər faktlar aşkarlanıb.
Hər bir valideynin başlıca istəyi, arzusu övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Ancaq valideynlərin bir hissəsi qız övladlarının təhsil almasında maraqlı deyillər və onları ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tuturlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların təhsil almaq və müstəqil ailə qurmaq hüququnun əlindən alınması ilə nəticələnir.
Ötən ilin son aylarında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mediaya açıqlamasında bildirib ki, bəzi ucqar rayonlarda qızlar təhsilalma hüququndan məhrum edilir: "DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil almaq imkanları təhlil edilir. Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90 faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınması faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini yarımçıq qoymasının əsas səbəbini erkən nigahdır". Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilərə əsasən, ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225 nəfəri 17 yaşlı olan analar, 2972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır.
Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanmış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Azərbaycanda uşaqların, o cümlədən qızların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görülmüş, gələcəkdə görüləcək tədbirlər artıq müəyyən edilmişdir. “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.
Qanunvericiliyə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Hüquqşünas Ədalət Rüstəmovun sözlərinə görə, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: "Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxud da ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur, amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə təəssüf ki, valideyn hər hansı bir məsuliyyət daşımır".
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, daim erkən nigah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin qeyd edim ki, cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq: "Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ də erkən nikah halları mövcuddur. Bu günlərdə növbəti erkən nikah və onun gətirdiyi faciənin şahidi olduq".
Erkən nikahların fəsadları: fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
• təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.
• peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
• intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
• boşanma hallarının sayı artır;
• erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;
• HİV infeksiyası ilə cinsi istismar riski artır və s.
Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.
Unutmayaq ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bunun üçün tarixi ənənələrin bizə miras qalmış ağır "yükündən", bəzi mental stereotiplərdən azad olmalıyıq.
Cavid
Yazı “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində hazırlanıb