Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın bütün ölkələri ilə əlaqələr qurdu, sərhədlərimiz onların üzünə açıldı. Ölkəmizə təşrif gətirən hər bir əcnəbi Bakının gözəlliyindən, buradakı qonaqpərvərlikdən, zəngin mətbəximizdən, mədəniyyətimizdən, multikultural dəyərlərimizdən, insanların mehribanlığından məmnun qalıblar. Odlar diyarı onları heyran edib. Azərbaycandan getmək belə istəməyiblər, axı ölkəmiz dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir.
Hindistan vətəndaşı cənab Dipak Fulvani də Azərbaycana vurğun olan əcnəbilərdəndir. O, həm də Hindistan-Azərbaycan Assosiasiyasının prezidentidir. Onunla Hindistanın Konstitusiya Günü ilə bağlı keçirilən tədbirdə tanış olduq. Bir müddətdən sonra rəhbərlik etdiyi assosiyasiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Fulvani ilə sahibi olduğu restoranda görüşüb, söhbətləşdik.
42 yaşı var, 22 ildir ki, Azərbaycanda yaşayır. Buranı özünün ikinci vətəni sayır. D.Fulvani dedi ki, rəhbərlik etdiyi Azərbaycandakı Hindistan Assosiasiyası 10 il əvvəl yaradılıb. Məqsədi Hindistan mədəniyyətini, filmlərini, zəngin mətbəxini, incəsənətini azərbaycanlılar arasında təbliğ etmək, tanıtmaqdır:
“Mən 22 ildir ki, Azərbaycanda yaşayıram. Əvvəl qardaşım Bakıdaydı – o, həkim idi. Məni də o gətirmişdi. Çox təəssüf ki, qardaşım sonradan dünyasını dəyişdi. Amma mən Azərbaycanda qalmağa üstünlük verdim və artıq 22 ildir buradayam. Açığını desəm bu 22 ildə Azərbaycan mənim ikinci doğma vətənim olub, burada özümü çox sakit və öz ölkəmdə olduğu kimi hiss eləmişəm. Bu iki onillikdə bir dəfə də olsun hər hansı xoşagəlməz halla, problemlə üzləşməmişəm. İşdə, küçədə - hər yerdə hörmət görmüşəm”.
O, qeyd edib ki, Bakıda öz biznesini qurub - restoran işlədir. Bundan başqa, Dubaydan ərzaq malları gətirib Bakıda mağazalara paylayır. Fulvani Azərbaycana vurğunluğundan da danışıb: “Mən çox sayda xarici ölkədə olmuşam – Türkiyədə, Amerikada, Aropada, ərəb ölkələrində və sair, tam səmimi deyirəm: dünyada elə bir ölkə yoxdur ki, Azərbaycan qədər dogma olsun mənə. Tərif üçün demirəm, Azərbaycan çox gözəl ölkədir. Burada insanı cəlb edən çox şey var - təmiz havası, mehriban və qonaqsevər adamları, təmizlik, insanların bir-birinə münasibəti, zəngin və bir-birindən dadlı yeməkləri... Təsəvvür edirsiniz, Hindistana gedəndə özümü qonaq hiss edirəm, burada isə əksinə, sanki Azərbaycanda doğulub-böyümüşəm. Azərbaycanda daha çox dostum var, nəinki Hindistanda. Ora gedəndə yaxınlarımdan yalnız valideynlərimi görürəm. Dostlarımın çoxu indi xaricdə yaşayır. Zarafat deyil, 42 illik ömrümün 20 ilini Hindistanda, 22 ilini Azərbaycanda yaşamışam”.
Həyat yoldaşının hindistanlı olduğunu deyən həmsöhbətimiz orada evləndiyini, toydan sonra xanımını da götürüb Bakıya qayıtdığını vurğuladı. Hətta dedi ki, amma biz hindistanlı olduğumuz qədər də azərbaycanlı sayılırıq. Bu gün onların Azərbaycanda doğulub böyümüş 14 yaşında oğlu da var.
Fulvani dedi ki, burada yaşayan və işləyən hindistanlıların bir qismi qeyd etdiyiniz Hindistan Assosiasiyasının üzüdür: “Mən də burada ən uzunmüddətli yaşayan hindistanlılardan biri kimi, əlbəttə assosiasiyada fəalam. Təşkilatın daxili nizamnaməsinə görə sədr vəzifəsinə seçilən şəxs bir ilini başa vurandan sonra yenisi seçilir. Budur, indi də rəhbərliyi mən edirəm”.
Söhbətimizdə Azərbaycanda yaşayan hindistanlılardan da söz açdıq. Fulvani dedi ki, rəsmi məlumata görə, Azərbaycanda 1450 hindistanlı qeydiyyatdadır: “Onların çoxu neft şirkətlərində işləyir, uniersitetlərdə təhsil alan tələbələr var, şəxsi biznesini quranlar da. Amma onu da deyim ki, bu saya ancaq rəsmi qeydiyyata düşənlər daxildir. Bundan əlavə, Hindistandan Azərbaycana minlərlə turist gəlir ki, onları hər yerdə görə bilərsiniz. Məlumat üçün deyim ki, bu gün Bakıda 6-7 hind restoranı fəaliyyət göstərisr, biri də Qəbələdə var”.
Azərbaycanın bütün bölgələriniz gəzdiyini deyən D.Fulvani heyranlığını da gizlətmədi: “Demək olar hər yerdə olmuşam - Qəbələdə, Şamaxıda, Şəkidə , Qusarda, Lənkəranda… Bakıətrafı bölgələri də gəzmişəm: Atəşgah məbədini, Qobustan təbiət muzeyini, Yanardağda, şəhərdəki başda Milli Xalça Muzeyi olmaqla muzeylərdə və sair. Bayaq qeyd etdiyim kimi, Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəlliyi ə xüsusi özəllikləri var. Bura heyran olmuşam”. Azərbaycan dilini necə öyrənməyinə gəlincə is dedi ki, özü sərbəst, müəllimsiz öyrənib: “Dedim axı, 22 ildir buradayam, azərbaycanlı dostlarla danışa-danışa öyrənmişəm. Mən Azərbaycana ilk gələndə rusca danışa bilirdim, indi isə görürsünüz, Azərbaycan dilində də danışıram”.
Burada heç bir problem, çətinliklə üzləşmədiyini deyən Fulvani vurğuladı ki, Azərbaycan müsəlman ölkəsi olsa da, bura elə bir ölkədir ki, bütün millətlərin və dinlərin nümayəndələri tam təhlükəsiz və rahat yaşaya bilirlər. Sadəcə qanunları pozma, hər şey axarında gedəcək: “Hesab edirəm ki, Azərbaycanın qanunlarına hörmətlə yanaşmaq lazımdır. Əgər bu ölkədə yaşayıramsa, o qanunlara əməl etməliyəm, vəssalam”.
Sahibi olduğu restoranda ancaq hind mətbəxinə aid təamların hazırladığını dedi: “Hind mətbəxi ilə maraqlanan hər kəs gəlir.Yəni təkcə buradakı hindistanlılar deyil, yerli azərbaycanlılar da müntəzəm şəkildə müştərimiz olurlar. Ancaq qeyd edim ki, menyumuza yalnız Hindistan mətbəxindən olan ləziz yeməklər daxildir. Ancaq sizing yeməklərin dadına da söz ola bilməz. Biz Azərbaycan yeməklərini restoranlarda yeyirik. Əlbəttə, yoldaşım Azərbaycan yeməklərini hazırlamağı bacarır, amma səmimi desəm, sizin kimi yox. Sac yeməklərini, çığırtma, dolmanı xoşlayıram. Ətli yeməklərlə o qədər də aram yoxdur. Mal ətini ümumiyyətlə yemirəm, düşəndə toyuq kababı yeyirəm. Bizimki tərəvəzdən hazırlanmış yeməklərdir. Axı mən Krişnaya sitayiş edirəm. Əlbəttə, bizim ölkə çoxmillətli və çoxdinlidir. Mən yemirəm o demək deyil ki, Hindistanda heç kim ət yemir, yeyirlər. Hindistanda Krişnaçılarla yanaşı müsəlmanlar, xristianlar, atəşpərəstlər – çox dinin ardıcılları yaşayır”.
D.Fulvani Hindistana qonaq gedəndə əzizləri üçün Azərbaycandan daha çox mürəbbə, paxlava və hətta Lənkəran çayı aparır: “Lənkəran çayı döyülməmiş yarpaqdır deyə Hindistanda onu çox sevirlər. Soruşa bilərsiniz ki, Hindistanda mürəbbə olmurmu, buradakı kimiləri yox. Bizdə daha çox meyədən mürəbbə yox, cem bişirilir”.
Fulvani onu da qeyd etdi ki, hindistanlılar arasında burada evlənib-ailə quranlar da olur. Hindistanlı oğlanlar var ki, azərbaycanlı qızlarla ailə qurublar və çox da xoşbəxt evlilikləri var.
Yeri gəlmişkən, söhbət əsnasında Fulvani dekabrın 16-da Bakıda növbəti dəfə “Böyük Hindistan” adlandırılan hind məhsullarının satış-sərgisi açılacağını da dedi. Dekabrın 26-dək davam edəcək “Böyük Hindistan” sərgisində Hindistanın müxtəlif vilayətlərini təmsil edən fərqli sahələr üzrə ixtisaslaşmış şirkətlər öz istehsalları olan məhsulları azərbaycanlı alıcılara təqdim edəcəklər.
Böyük Hindistan sərgisinin təşkilatçısı, Hindistanın tanınmış AVM Expo İndia şirkətinin prezidenti Aşok Şarmadır. Şərq Bazarında açılacaq sözügedən sərgidə Hindistandan gətirilmiş əsasən əl işlərindən ibarət məhsullar təqdim edilıəcək. Eyni zamanda, burada hind mətbəxinin əvəzsiz nümunələrindən sayılan düyü, çay, keyfiyyətinə söz olmayacaq xalis ədviyyatlar, təmiz və keyfiyyətli şərab, bundan əlavə əl işi olan mebellər, geyim nümunələri, qadınlar üçün bəzək əşyaları, suvenirlər və sair sərgilənəcək.
İlk sərgi Bakıda açılsa da, gələcəkdə bu tədbiri Azərbaycanın bölgələrinə də daşımaq fikirləri var. Məsələn, ölkənin ikinci iri şəhəri olan Gəncədə, hətta Qəbələdə satış-sərgisi təşkil etmək istəyirlər.
Avrasiya.net