“İndiyə qədər Rusiyaya qarşı etirazlar qapalı kabinetlərdə olurdu” – politoloq

Azərbaycanın rəsmi siyasəti Rusiyaya qarşı xeyli cəsarətli görünür. Rusların erməniləri silahlandırmaları ilə bağlı rəsmi Bakının israrlı bəyanatlarıni misal göstərmək olar. Əvvəllər bu cür situasiyalarda rəsmi mövqe, rəsmi media ya susqun qalırdı, ya da çox yumşaq formada bu açıqlanırdı. İndi bizi Rusiyaya qarşı ehtiyatlı davranış mövqeyindən bir qədər fərqli mövqeyə sövq edən nədir?

Xəbər-ps məlumatına görə, bunu Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, əslində Azərbaycan hakimiyyəti hər zaman çox yaxşı bilib ki, Ermənistanı indiyədək hərbi və iqtisadi cəhətdən dəstəkləyən Rusiya olub: “İlk belə skandal 1997-ci ildə  Rusiyanın Ermənistana 1 milyard dollarlıq silah bağışlaması ilə baş vermişdi. O zaman da bir müddət etirazlar oldu, sonra hər şey səngidi. Bildiyim qədər o dövrdən sonra mütəmadi olaraq, Ermənistana hərbi texnikalar, raketlər, hava hücumundan müdafiə qurğuları demək olar ki, əvəzsiz verilib. Rusiya ilə təxminən indiki kimi son gərginlik 2012-ci ildən 2013-cü ilin yazına qədər olmuşdu. O zaman da  məmurlar, millət vəkilləri səviyyəsində Rusiya ittiham olunurdu. 2013-ün yazında Putinin Bakıya səfərindən sonra bu gərginlik aradan götürüldü. Amma bu o anlama gəlməsin ki, Rusiyanın Ermənistana münasibəti də dəyişdi. Əksinə hər zamankından daha da artıq dəstək  verdi. Sual olunur, bütün bunlar illərdir mövcuddursa nədən indi bəyanatlar verilib? Düşünürəm ki, indiyə qədər də belə addımlara etirazlar, bəyanatlar olub. Amma bu etirazlar qapalı kabinetlərdə olunub və ictimailəşdirilməyib. İndiyədək bunun səbəbini rəsmi Kremlin rəsmi Bakı ilə siyasi münasibətlərində yaxınlığın olmasında, bu yaxınlıqdan hər iki tərəfin məmnun qalmasında görürəm”.

Ekspert hesab edir ki, həmçinin Azərbaycan iqtidarının yüksək eşalonunda Rusiya ilə müxtəlif tərəflərdən ciddi bağlılığı  olan insanların olması da bu etirazların indiyədək  üzə çıxmasına mane olub. Görünür, bu gün siyasi maraqlarda toqquşma yaranıb ki, münasibətlərdəki gərginlikər açıq şəkildə ifadə olur: “Eyni zamanda hakimiyyədəki rusiyapərəst güclərin zəifləməsi ehtimalının da bu məsələlərə təsir etməsini istisna etmirəm. Bu gün bir fürsətdir ki, Rusiya ilə siyasi yaxınlıqdan imtina edilməli, yalnız qonşuluq münasibətləri saxlanılmalıdır. Yox əgər, 2013-cü ildəki kimi hansısa səbəblərdən münasibətlər əvvəlki məcraya qayıdacaqsa bu ölkəmiz üçün ziyanlı olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

0.1012659072876