Müxalifət və QHT-lər vasitəsilə ölkələrin siyasi həyatına təsir etmək imkanından məhrum olanlar yeni qüvvələri meydana atır....
Son illər ölkələrə xaricdən müdaxilə imkanları sıfırlanan beynəlxalq güclər yeni metodlarla işləməyə başlayıblar. Müxalifət və QHT-lər vasitəsilə ölkələrin siyasi həyatına təsir etmək imkanından məhrum olanlar yeni qüvvələri meydana atır.
Məsələn, Fransadakı “sarı jiletlər” buna parlaq sübutdur. Azərbaycanda isə siyasi vəziyyəti gərginləşdirmək, ölkənin əsas problemindən (Qarabağ məsələsi, Ermənistanla sərhədlərin müəyyənləşməsi) diqqəti yayındırmaq üçün heyvansevərlər və feministlər meydana çıxarılıb. Onlar heyvan hüquqları və qadınları qorumaq adı altında polislə qarşıdurmaya gedir, polis bölməsinin divarlarına qırmızı boya atmaqdan çəkinmir, beləliklə də həbs və ya cərimə cəzası almaq üçün hər şey edirlər. Yəni əslində bu adamların marağı nə heyvanlar, nə də qadın qətllərinə etirazdır. Bu adamlar beynəlxalq təşkilatların diqqətini Azərbaycandakı insan haqları ilə bağlı “çox ağır” vəziyyətə cəlb etmək, bəlkə də özləri bilmədən (və ya bilərəkdən) Ermənistanın dəyirmanına su tökmək istiqamətində fəaliyyət qurublar. Təsadüfi deyil ki, bu cür aktivistlər arasında Azərbaycanın milli qəhrəmanlarını hədəf seçən, anti-Azərbaycan ruhlu adamlar da var.
Niyə və kimlər durur bunların arxasında? Erməni lobbilərinin də maliyyələşdirdiyi bu cür təşkilatlardan Azərbaycan əleyhinə necə istifadə edilir? Onları necə ifşa etməli?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev konkret suallar ünvanladı:
“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar açdı. Yaxın Şərqin ilk demokratik dövləti kişi və qadın hüquqlarını bərabərləşdirdi. 1918-ci ildə AXC Şərqdə ilk dəfə olaraq bütün vətəndaşlarına, o cümlədən qadınlara səsvermə hüququ verdi.
XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığı daha artıq hiss edilməyə başlamışdı. Bəhs edilən dövrdə baş verən siyasi, iqtisadi və mədəni proseslər bu fəallığı bir az da sürətləndirdi. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş dərəcədə yeni gender münasibətlərinin kontekstini yaradırdılar. İlk qadın məktəblərinin, qadın yığıncaqlarının və xeyriyyə cəmiyyətlərinin yaradılması vasitəsilə digər qadınları da bu fəaliyyətə cəlb etməyə çalışırdılar. Azərbaycan cəmiyyətinin kübar qadınları yaxşı təhsil almış və tez-tez xaricdə olmuşdular. Sovet dövründə də qadınların hüquqları daim müdafiə olunurdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra qadınlara geniş imkanlar verdi. Dövlət strukturınlarda vəzifələr verildi. Ümumillikdə Azərbaycan xanımı deyə bilməz ki, onun hüquqları pozulur. Bəli, ailə-məişət zaminində zorakılığa məruz qalan xanımlar var. Amma bu çox az faiz təşkil edir. İndi baxın, bu xaricdən idarə olunanlar, maliyyəşənlər nə deyirlər. “Bizimdir hür küçələr”, “Mənim bədənim, mənim seçimim, mənim azadlığımdır” şüarları səsləndirirlər. Nə istəyir bu qadınlar, yaxud da onlar kimlərdir? Yaxud da onların yaşayış tərzini kimlər məhdudlaşdırır? Deyə bilərəm ki, heç kim. Onlar çox az bir saydadırlar. Bəlkə heç on nəfər olmazlar. Bunlar Azərbaycanda siyasi vəziyyəti gərginləşdirmək, əsas problemlərdən diqqəti yayındırmağa çalışsalar da, heç nə alınmayacaq. Xaricdəkilər bunu başa düşəndən sonra verilən qrantları dayandıracaqlar".
/Yeni Müsavat/