ALDP sədri: ABŞ yenə də ”rəngli" inqilablara start verəcək

Rusiya Liberal Demokrat Partiyasının (RDLP) lideri, Dövlət Dumasının ən böyük üçüncü fraksiyasının rəhbəri Vladimir Jirinovskinin ölkəmizə yönəlik təhdidlərinə cəmiyyətin ən müxtəlif təbəqələrindən reaksiya gəlsə də, müxalifətin iki əsas partiyası olan AXCP və Müsavat  prosesi susqunluqla izləmədədir. Hətta AXCP sədri Əli Kərimli örtülü, əsasən partiyasından ibarət olan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə açıq şəkildə şovinist deputatın sərsəm iddialarını dəstəklədilər.

Bu da sosial mediada ciddi müzakirə doğurub.  Bəziləri iddia edirlər ki, Jirinovskinin Azərbaycanla bərabər hakimiyyəti hədəf alması onların marağındadır. Üstəlik, rusiyalı siyasətçinin Amerika prezidenti Co Baydenin Azərbaycandakı hakimiyyət çevrilişi planlarında müxalifətə “yer verməsi”, deyəsən, onları məmnun edib.  Həmişə Türkiyənin rolunu xüsusi qeyd edən müxalifətin bu dəfə qardaş ölkənin hədəfə alınması da sərt tənqidlərlə müşahidə olunub.

Müxalifət  “Baydenin çevriliş planından” məmnundurmu, niyə reaksiya vermir?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hakimiyyət dəyişikliyinin bir yolunu qəbul edir: 

“Çevrilişlərin əleyhinəyəm. Ümumiyyətlə, başqa ölkələrin kiminsə, xüsusilə Azərbaycanın daxili işlərinə qarışmasının əleyhinəyəm. Bayden seçiləndə bildirmişdim ki, indi ABŞ yenə də ”rəngli" inqilablara start verəcək. O ki qaldı bu bəyanatlara, bəzi müxalifət nümayəndələrin susması onu göstərir ki, bunlar “Beşinci kolon” nümayəndələridir. Həmin dairələrlə əlaqələri var. Mən hakimiyyəti dəyişməyin bir yolunu qəbul edirəm. Bu seçki yoludur. Başqa yollar, “rəngli inqilablar” dövlətə, xalqa qarşıdır".

/Yeni Müsavat/

0.11389398574829