Bu gün regionun mövcud durumu ilə müqayisədə siyasi düşərgənin siyasi aktivliyi ilə bağlı birmənalı olmayan fikirlər var. Geosiyasi gərginlik müstəvisində siyasi müxalifətin fəaliyyəti hansı istiqamətlərdə inkişaf etdirilməli və hansı fəallıq özünü göstərməlidir. Ümumiyyətlə, siyasi müxalifət düşərgəsində ümumi vəziyyət nədir?
Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən ALDP sədri Fuad Əliyev müəyyən nüanslara diqqət çəkib.
- Fuad bəy, halhazırda siyasi müxalifət partiyalarının fəaliyyətində hansı diqqəti çəkən məqamlar müşahidə olunur. Bir çox ekspertlər hesab edirlər ki, müxalifətin hazırki durumu “pat” vəziyyətini xatırladır. Sizcə də belə görünür?
- Düzünü desək, 44 günlük müharibə ərəfəsində siyasi partiyaların kifayət qədər aktivliyi olub. Amma partiyaların son vəziyyətinə baxanda bəli, belə görünür. Siyasi partiyalarla bağlı müəyyən işlər görülsə də, ümumən bu “pat” vəziyyətini hakimiyyət özü yaradır. Sözsüz ki, “pat” vəziyyətinə görə müxalifətin də hardasa səhvləri var. Amma hakimiyyət müxalifətin bu vəziyyətdən çıxması üçün şərait yaratmalıdır. Çünki “pat” vəziyyəti heç bir tərəfə sərf etmir. Ya qalib gəlmək, ya da uduzmaq olar, “pat” isə heç bir tərəfə sərf etmir.
- “Pat” vəziyyəti şahmatda oyunun heç-heçəyə bitməsni ifadə edən mərhələdir. Siyasi proseslərə şahmat üzərindən baxsaq, sizcə siyasi oyunlar asandır, yoxsa şahmat oyunu?
- Mənim üçün hər ikisi də asandır. Şahmatda gərək ən azından 10 addımı öncədən fikirləşə biləsən. Peşəkar şahmatçılar 30-35 addımı öncədən fikirləşə bilirlər. Siyasətdə isə uzağı 1-2 addım uzağı fikirləşə bilirik ki, onda da nəticəsi mövcud durum kimidir. Düzdür, oyunlar oxşardır, amma nədənsə siyasilər bu üslubdan kənardır. Qeyd etdiyim kimi, bir neçə gedişi əvvəlcədən fikirləşmək lazım gəlir.
Mənim ümumiyyətlə zəif, qərar verməyi bacarmayan insanlardan xoşum gəlmir. Siyasətdə tanıdığımız adamlar var, adlarını çəkmək istəmirəm, vacib addım atmaları lazım olduğu bir vaxtda, o addımı atmaq yönündə qərar verə bilməyiblər. Belə-belə, sonucda siyasətdən getməli olublar. Mövcud vəziyyət dolayısıyla gətirib ona çıxarır ki, deməli vaxtında düzgün qərar verə bilməyiblər. Vaxtında lazımi qərar vermək üçün özündə iradə tapa bilməyən o cür insanlardan həmişə uzaq olmağa çalışmışam. Adam var ki, uduzmağı xoşlamır. Amma uduzmağı da bacarmaq lazımdır.
Normal seçkilərdə kimsə mütləq qalib gələcəyini bilə bilməz. Mən müxtəlif ölkələrdə seçkilərdə müşahidəçi kimi iştirak etmişəm. Seçkilərə start veriləndə görürsən ki, hamı bərabər şəraitdə iştirak edir. Tutaq ki, hakimiyyətdə olan bir namizəd seçilmir, müxalifətdən seçilir. Yəni uduzmağa da hazır olmaq lazımdır. Ümumiyyətlə, bizim bəzi siyasətçilər fikirləşmədən addımlar atırlar, sonra da məcbur olub geri çəkilirlər.
Bir xatırlatma verəcəm, 2002-ci ildə Referendum keçirildi, orda iki məsələ var idi – proporsional seçki sisteminin ləğvi və baş nazirə yeni səlahiyyətlərin verilməsi. Biz partiya olaraq hamıya müraciət etdik ki, gəlin “boykot” etməyək, referenduma gedək, səs verək, proporsional seçkinin ləğvinə yox deyək. Partiyamız bu yöndə xeyli cəhdlər etdi, amma müxalifət “boykot”u seçdi. Nəticədə hakimiyyət də öz istəyinə çatdı. Üç ildən sonra isə həmin o boykot edən müxalifət proporsional seçkinin bərpası ilə bağlı konstision dəyişiklik məsələsini ortaya atdı. Amma bu etiraz zamanında səsləndirilməli, lazımi vaxt irəli addım atılmalı idi. Şahmatdakı kimi, bir neçə addımı əvvəlcədən fikirləşmək lazımdır. Ona görə deyirəm ki, fikirləşmək istəmədikləri üçün şahmata yox, nərdə üstünlük verərlər.
- Fuad bəy, bir çox masaüstü oyunlarda – “zərtutma”, “yalandan bazara getmə” və sair cığallıqlar olur. Bəs siyasətdə hansı cığallıq var?
- Nərddə “zərtutma”ya inanmıram. Çünki zəri atanda qabaqcadan bilmirsən nə verəcək. Şəxsən mən nə nərddə zər tutmuşam, nə də ki, dominoda ehtiyac olmasa “bazara” getmirəm. Mən istənilən oyunu təmiz oynayıram, aldatmıram. Siyasətdə də beləyəm. Mən kiməsa dost deyib, üzünə gülüb arxasınca danışmıram. Və təkcə siyasətdə belə deyiləm. Münasibətlərdə ya yaxşıyam o adamla, ya da ümumiyyətlə münasibət, əlaqə saxlamıram.