Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.
-Verilən məlumata görə Fransa prezidenti Bakı, Tiflis və Yerevanda səfərdə olacaq. Sizin fikrinizcə, niyə indi bu səfər baş tutur və ümumiyyətlə, Makron nə istəyir?
-Hesab edirəm ki, Makronun bu səfəri Fransanın itirilmiş mövqeyinin bərpasına hesablanıb. Fransanın Cənubi Qafqazda üç respublikadan ikisinə təsiri var. 2008-ci ildə Fransa prezidentin Gürcüstana fövqaladə səfəri, Gürcüstanı işğaldan xilas etdi. Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur. 44 günlük Vətən müharibəsində isə açıq şəkildə Ermənistanı dəstəklədi. Qalıb Azərbaycan. Makron Fransanın prezidenti seçiləndən qabaq, Azərbaycanın Fransa ilə münasibətləri normal idi. Mitteran dövründə isə yüksək səviyyədə idi. Makron gələndən sonra bu münasibətlər korlandı. Makronun Vətən müharibəsi zamanı açıq ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi. İndi onun Bakıya səfəri heç nəyi dəyişməyəcək.
- Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iyulun 9-10-u tarixlərində işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etdilər. ATƏT-in Minsk qrupun həmsədr ölkələrin səfirləri bu səfərdən imtina etdilər. Hətta Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosuna müsahibəsində səfirlərin Şuşaya getməkdən imtina etməsinin səbəbini açıqlayıb. O, bildirib ki,
“Reallıq var: Dağlıq Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır. Bu status müəyyən edilmədən nə Fransanın Bakıdakı, nə də Yerevandakı səfirləri Qarabağa səfər edə bilməz. Və bu mövqe hər üç həmsədr ölkə tərəfindən qəbul olunur”.
-Fransanın mövqeyi məlumdur və bundan artıq nə deyə bilərdi. İndi bu Lakot yenə də status məsələsini qaldırır və məsələni Minsk qrupu çərçivəsində həll olunacağını deyir. ATƏT-in Minsk qrupu 30 ilə yaxın niyə bu məsələni həll etmirdi? BMT-nin 4 qətnaməsini əsas tutub məsələni həll edərdi. Qəsdən vaxtı uzadırdılar. Fikirləşirdilər ki, Azərbaycan xalqı unudacaq, bu vəziyyətlə razılaşacaq. Azərbaycan xalqı heç nəyi unutmayıb, dözüb və vaxtı gələn kimi öz sözünü deyib. Ordumuz xalqın dəstəyini aldıqdan sonra BMT və ATƏT-in işini özü həll etdi, işğalda olan torpaqları azad etdi. Və indi nə status məsələsi var, nə də ki, bu Minsk qrupu. İndi bizim işimiz Qarabağ bölqəsini bərpa işlərlə bərabər, orda qalan erməni separatçıları təmizləməkdir. İnanıram ki bu məsələlər qısa bir zamanda həll olunacaq.
-Deputat Etibar Əliyev: "Jurnalistlər üçün tikilmiş evlər şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə verilsin" təklifi birmənalı qarşılanmadı. Təklifi necə dəyərləndirirsiz?
-Hesab edirəm ki, şəhid ailələrə, qazilərə və müharibə veteranlar daimə diqqətdə olmalıdırlar. Fikrimcə, təkçə dövlət tərəfindən bu diqqət olmamalıdır. Biz hamımız onlara borcluyuq və dəstəyimizi verməliyik. O ki, qaldı bu təklifə.... Jurnalistlər baxmayaraq ki, dördüncü hakimiyyət nümayəndələridirlər, jurnalistlər də dövlət tərəfindən qayğı və dəstəyini görməlidirlər. Necə ki, dövlət şəhid ailələrə, qazilərə evlə təmin edir, eynilə də jurnalistləri də təmin etməlidir. Yaxşı olardı ki, Etibar Əliyev jurnalistlərə tikilən binanın yox, deputatlara verilən mənzilləri şəhid ailələrə, qazilərə verilməsini təklif edərdi. Məndə olan məlumata görə bəzi deputatlar iki-üç ev alıblar. Bir də Etibar Əliyev yadından çıxartmasın ki, tanınmamış bir adamı təhsil ekspert kimi tanıdan elə jurnalistlər olub.