Fuad Əliyev: Şəhid ailələrinə, qazilərə diqqət göstərilməsi hamımızın borcudur

“Ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə diqqət və qayğı göstərilməsi təqdirəlayiqdir. Azərbaycan cəmiyyətinin həmrəyliyi ilə yanaşı, dövlətimizin bu istiqamətdə gördüyü işlər mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir:

“Bu baxımdan, dövlət başçısı İlham Əliyevin 25 iyun tarixində imzaladığı “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman böyük önəm daşıyır. Belə ki, vahid əlaqələndirmə mərkəzlərinin yaradılması həmin kateqoriyadan olan şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”.
Fuad Əliyev deyib ki, Prezident tərəfindən imzalanan Fərman, eyni zamanda, vətəndaş məmnunluğunun təmin olunması üçün atılan mühüm addımdır:

“Bu proses dövlət başçısının, dövlətin müvafiq qurumlarının nəzarəti altında olacaq. Vahid əlaqələndirmə mərkəzləri bu sahədə əvvəlki illərdə müşahidə edilən bir çox neqativ halların qarşısını alacaq. Belə ki, həmin kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsi həm müxtəlif bürokratik maneələri, həm də saxta əlillik təminetmə hallarını aradan qaldıracaq. Ən nəhayət, vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin daha bir nümunəsidir”.

0.090038061141968