Öz etirazlarımızı Azərbaycanın həqiqətlərinə göz yuman beynəlxalq qurumlara çatdırmalıyıq

Regionun geopolitik mənzərəsində yeni mərhələ başlayıb. Azərbaycan-Türkiyə qardaşlığının iki dövlət arasında strateji müttəfiqlik pilləsinə qalxdığı bir vaxtda “qara əllərin” fəallığı da artıb. Regionu, Qafqazı, Azərbaycanı əldən vermək istəməyən güclər “şirin zəhərlə” ölkəmizin gücünü sarsıdıb öz məqsədlərinə çatmaq üçün pusquda. Ermənistan yenə silahlandırılır, yenə sərhədlərimiz atəşə tutulur. Hələ də işğal altından azad edilən və Rusiya sülhməramlıları ilə erməni silahlılarının meydan suladığı məkanlarda gərginlik qalır.  Ümumilikdə isə müharibə meydanında zəfər çalan Azərbaycan öz zəfərini işğaldan azad olunmuş ərazilərimizin bərpası və Böyük Qayıdışa hazırlıqlar aparmaqla son nöqtəyə doğru addımlayır. Belə bir ərəfədə ictimai-siyasi mühit, cəmiyyətimiz hansı mövqedə dayanmalıdır?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Versus.az-a müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

- Fuad bəy, Azərbaycanın mövcud-siyasi, geopolitik durumu ictimai-siyasi təşkilatlar qarşısında hansı vəzifələri qoyur?

- 30 ilə yaxın müddət ərzində Qarabağ problemini həll etməyi bizə imkan verməyən bəzi ölkələr, beynəlxalq təşkilatlar, Vətən Müharibəsi zamanı erməni sevgisini gizlədə bilmədilər. Azərbaycana qarşı bir sıra insan haqlarının müdafiəsi təşkilatları, eləcə də özünü demokratiyanın beşiyi sayan Fransadan, ABŞ-dan müəyyən təzyiqlər gəldi. İşğalçı Ermənistanın Azərbaycanda 30 illik işğal dövründə törətdikləri vandallıq, vəhşilik Avropanın hər hansı bir təşkilatı tərəfindən sərt şəkildə qınanmadı. İllərdir ki, Azərbaycan öz həqiqətlərini dünyaya bəyan edir və əslində dünyanın ağıllı gücləri, analitikləri dövlətlərin sərhədlərinin harda bitdiyini yaxşı bilirlər. Amma region maraqları və qısqanc yanaşmalar Azərbaycanın haqq səsinin tanınmasında onların qarşısında maneələr yaradıb. Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk Qrupunda olan həmsədr dövlətlərin 27 ildə görə bilmədiyi işi gördü. BMT-nin Təhlükəsizlik Şurasında işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını özü gerçəkləşdirdi. Təbii ki, Dəmir Yumruq - xalqın birliyi, müzəffər ordunun qəhrəmanlığı, Ali Baş Komandanın rəhbərliyi ilə. Müharibə zamanı 30-a yaxın xarici media mənsublarına müsahibə verən ölkə Prezidenti bir daha dünyanın diqqətini erməni vandallığına və Azərbaycana qarşı yönələn işğal faktına yönəldə bildi. Bu gün Azərbaycan öz haqları uğrunda mübarizəni davam etdirir və etdirməlidir. Çünki güc dövlətləri region maraqlarını hər şeydən öndə tutur və daha çox öz missiyalarının gerçəkləşməsinə çalışırlar. Dünya dövlətlərinin nüfuzlu nümayndələri erməni faşistləri tərəfindən dağıdılmış, viran qoyulmuş şəhərlərimizdə olublar. Bir çoxları Ağdamı, Füzulini Xerasima ilə müqayisə edərək, baş verənləri insanlığa sığmayan hadisələr kimi qeyd ediblər. Amma ermənistan sözdə də olsa qınanmayıb. Ermənistan hələ də hər hansı bir təşkilatın təzyiqi, tələbi ilə sülhə dəvət olunmur. Mövcud reallıqlar Azərbaycanın daha çox öz gücünə arxalanmasını, dövlət, millət, suverenliyimiz naminə bir yumruq kimi birləşməyimizi tələb edir. Hesab edirəm ki, siyasi partiyalar müharibədə xalqla birlikdə müzəffər ordumuzun yanında oldular, birgə bəyanatlar verdilər. Bütün dünyaya birliyimizi nümayiş etdirdilər. Və bu gün də Vətən müharibəsindən sonra geopolitik durum siyasi partiyalardan birgə addımların atılmasını tələb edir. Bizi “5 kolon” əli ilə parçalamaq istəyən xarici qüvvələrə imkan veməməliyik ki, bu çirkin əməllərini həyata keçirsinlər. Bu bizim ən vacib vəzifələrimizdən biridir.

- Ermənistan revanşist ideyalarından əl çəkmir və sərhəddə atəşkəsi dəfələrlə pozur. Sülhməramlılar isə sabitliyi qorumaq əvəzinə, erməniləri ərazilərimizə yerləşdirməklə məşğuldur. Yaxud niyə silahlı ermənilər ərazilərimizdən çıxarılmır?

- Ermənilərin revanşist ideyaları artıq utopiyadır. İndi bəzi qüvvələr çalışırlar ki belə revanşist bəyanatlarla gündəmdə galsınlar. Düzdür erməni milliyətçi ideologiyası çox güclüdür. Bu ideologiya əsirlər boyu formalaşib. Amma bizim 44 gün ərzində olan birliyimiz, bu erməni ideologiyasının mif olduğunu göstərdi. Çünki bunların tarixi də, mədəniyyəti də saxtadı.   Bütün bunlarla yanaşı Azərbaycanın erməni işğalı, erməni vandallığı ilə bağlı apardığı təbliğat daha ardıcıl, nizamlı şəkildə diaspora və lobbiçilik fəaliyyəti yolu ilə dünyaya təqdim edilməlidir. Azərbaycan bu istiqamətdə təbliğatını aparmalıdır. Ermənistan işğalçıdır, vandaldır, Azərbaycana qarşı Xocalı soyqırımını törədib və törətdiyi cinayətlər göz önündədir. Azərbaycan diasporaları bu faktların durmadan dünya ölkələrində sərgilənməsi üçün aktiv olmalıdır. Azərbaycanın xaricdə güclü lobbiçiliyinin yaranmasına ehtiyac var və biz bütün istiqamətlərdə erməni cinayətlərini ortaya qoymaqla ermənilərin cəzalandırılması, təzminatın alınması üçün beynəlxalq məhkəmələrdə məsələlər qaldırmalıyıq. Bu istiqamətdə durmadan işlər aparılmalıdır. Təbii ki, biz partiya olaraq üzərimizə düşəni edirik. Amma bu yetərli deyil. O ki galdı sülhməramlıların ermənilərin getməyinə imkan verməməsinə, heç şübhəsiz ki, onlar müəyyən müddətə gədər status-kvonu yaratmaq istəyirlər. Yəni statistikaya görə, Xankəndidə 30 min erməni yaşayıb. İndi sülhməramlıların iştirakı ilə ora məcburən 60 min erməninin köçürüldüyü barədə məlumatlar var. Sülhməramlılar sabitliyi təmin etmək əvəzinə erməniləri başqasının ərazisində yerləşdirməklə məşğuldur. Təbii ki, bütün bunlar qəbuledilməzdir. Amma siz də görürsüz ki, bunun da xeyri yoxdur. Ermənilər oranı tərk edirlər. İnşallah bizim vətəndaşlarımız azad olunan ərazilərə qayıdandan sonra Xankəndidə erməni qalmayacaq.

- Xaricdə olan mühacirlər, siyasi küskünlər Azərbaycan siyasi partiyalarının fəaliyyətinə təəssüflə yanaşıb, partiyaları aktivliyə, aksiyalar keçirib Qarabağla bağlı yaranan bu vəziyyətə etiraz etməyi təklif edir. Sizcə belə bir şəraitdə siyasi aksiyalara ehtiyac varmı?

- Hesab etmirəm ki, bu gün Qarabağda ciddi bir problem var və buna görə aksiyalar keçirilməlidir. Böyük templə bərpa işləri gedir, ərazilər minalardan təmizlənir. Orda olan erməni separatçıların tör-töküntüləri başlarını qaldıran kimi ya məhv olurlar, ya da həbs edilirlər. Bu mənada hesab edirəm ki, hər hansı siyasi aksiyalar vasitəsi ilə mövcud vəziyyətə etiraz etməyə ehtiyac yoxdur. Biz bu gün siyasi partiyalar olaraq daha çox birlik nümayiş etdirib, öz etirazlarımızı Azərbaycanın həqiqətlərinə göz yuman beynəlxalq qurumlara çatdırmalıyıq. Biz siyasi partiyalar olaraq minalanmış ərazilərin xəritələrinin verilməsinin tələb olunması bəyanatı ilə xarici ölkələrin səfirlərinə müraciət etməliyik. Ermənistan dövlətindən Azərbaycana vurduğu ziyana görə təzminatın verilməsini tələb etməli və beynəlxalq təşkilatları, dünya dövlətlərini bu istiqamətdə ədalətli olmağa çağırmalıyıq. Əslində siyasi partiyaların birgə görə biləcəyi çox işlər var. Biz 30 il öz torpaqlarından didərgin salınmış, insan haqları pozulan vətəndaşlarımızın, soydaşlarımızın haqlarına göz yuman beynəlxalq qurumlardan bu haqqı ödəmələrini tələb etməliyik.

- Fuad bəy, bu günkü mərhələdə yeni siyasi dialoqa ehtiyac varmı və iqtidarla-müxalifət partiyaları arasındakı münasibətlər necə tənzimlənir, hansı boşluqlar var?

- Siyasi dialoqa həmişə ehtiyac var. Dialoq ölkənin inkişafına xeyir gətirir. İqtidar dialoq təklifini irəli sürdü, əlini uzatdı. Müxalifət olaraq biz bu təklifi qəbul etdik. Ədalət Vəliyevlə keçirtdiyim 20-dən çox görüşdə cəmiyyəti narahat edən məsələləri müzakirə etmişik, təklifləri vermişəm. Və bu dialoq davam edir. Hesab edirəm ki, məhz bu dialoq mühitinin yaranmasının özü Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən məqamlardan biri oldu. Təbii ki, siyasi birlik dövlətin inkişafına aparan əsas amildir və hər kəs bu birliyə aparan yolda qurulacaq iqtidar-müxalifət dialoqunda maraqlı olmalıdır. Hesab edirəm ki, dialoq mühiti daxili stabilliyin qorunmasında da mühüm rol oynayır. Ona görə də belə bir gərgin proseslərin içində olan ölkəmizdə iqtidar-müxalifət partiyalarının tez-tez bir araya gəlməsi yalnız ümumi işimizin xeyrinə ola bilər.

0.090589046478271